Bu il regionlarda DOST mərkəzləri, yeni sosial xidmət və reabilitasiya müəssisələri yaradılacaq – FOTO

0
96

“Azərbaycan Respublikası regionlarının 2019-2023 illər üzrə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunmuş Konfransın iqtisadiyyat üzrə panel iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu ildən ölkəmizin regionlarında da DOST mərkəzlərinin yaradılacağını deyib.

Nazirlikdən verilən məlumata görə, S.Babayev, həmçinin cari ildə bölgələrimizdə yeni sosial müəssisələrin istifadəyə veriləcəyini qeyd edib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin Fərmanına əsasən ötən il Bakının Yasamal və Xəzər rayonlarında DOST mərkəzləri yaradılıb. 2020-ci ildə DOST mərkəzləri şəbəkəsinin ölkəmizin regionları üzrə genişləndirilməsinə başlanacaq. Regionlarda (Abşeron, Sumqayıt, Bərdə, Quba, Sabirabad) 5 mərkəzin təmir-tikinti işləri aparılacaq.

Ötən ilki inqilabi sosial islahatlardan bəhs edən S.Babayev əhalinin gəlirlərinin ciddi artımını təmin edən bu islahatların uğurlu nəticələrinin, ümumən sosial müdafiə və aktiv məşğulluq proqramlarının regionların əhalisini də geniş şəkildə əhatə etdiyini deyib. O bildirib ki, ötən il şəhid ailələrinə və müharibə əlillərinə nazirlik tərəfindən 2018-ci illə müqayisədə 50 faiz çox olmaqla 934 mənzil, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil təqdim edilib. Həmin mənzillərdən 550-i, avtomobillərdən isə 480-i regionların sakinlərinə verilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən 2020-ci ildə müharibə əlillərinə və şəhid ailələrinə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub ki, onların əksəriyyəti regionlarda veriləcək.

S.Babayev bu il regionlarımızda əlilliyi olan şəxslər üçün daha 5 bərpa mərkəzinin (Xaçmaz, Şəki, Lənkəran rayonlarında, Şirvan və Sumqayıt şəhərlərində), 2 sosial xidmət müəssisəsinin (Göygöl və Şamaxı rayonlarında) əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcəyini deyib. O, həmçinin, Şəmkir və Qəbələ rayonlarında uşaq bərpa mərkəzlərinin, Quba və Bərdə rayonlarında peşə hazırlığı mərkəzlərinin yaradılmasının planlaşdırıldığını diqqətə çatdırıb.

Nazir qeyd edib ki, aktiv məşğulluq proqramları bölgələrdə də uğurla davam etdirilir. Ötən il nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işlə təmin olunan 103 mindən çox şəxsin 74200-dən çoxu, peşə hazırlığına cəlb edilən 3200-ə yaxın şəxsin 1800 nəfərdən çoxu, peşəyönümü məsləhət xidmətinə cəlb olunan 107 700-ə yaxın gəncdən 91400-ə yaxını regionlarda yaşayanlardır.

S.Babayev 2019-cu ildə özünüməşğulluq proqramına cəlb olunan 10 352 nəfərdən 8300-nün regionların sakinləri olduqlarını deyib. Bildirib ki, bu proqram çərçivəsində bölgələrdə əsasən kənd təsərrüfatı sahələri üzrə minlərlə kiçik müəssisənin yaradılması regionların sosial-iqtisadi inkişafına mühüm dəstəkdir.

“İşsizin DOSTu” proqramı çərçivəsində isə ötən il yaradılmış 38 min ödənişli ictimai iş yerindən 30 mininin regionlarda açıldığını diqqətə çatdıran nazir bu il də proqramın davam etdirildiyini bildirib.Ğ

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here