Yol Polisindən yağışlı hava ilə bağlı sürücülərə MÜRACİƏT

0
113

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində hava şəraiti ilə bağlı növbəti dəfə sürücülərə müraciət edib.

BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib ki, yollarda yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən daha diqqətli olmalıdır:

“Sürət həddini hava şəraitinə uyğun seçilməli, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etmək yolverilməzdir. Sürücülər yağışlı havalarda su gölməçələrindən keçərkən ehtiyatlı olmağı unutmasınlar”.

Şöbə rəisi qeyd edib ki, ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlama ehtimalının yüksək olduğunu nəzərə alaraq, belə hava şəraitində sürücülük təcrübəsi az olan şəxslərdən sükan arxasına əyləşməmələri xahiş olunur:

“Həmçinin, piyadalar da hava şəraitinin nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər.

Piyadalara sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan və ya işıqqaytarıçı elementlərlə təchiz olunmuş geyimlərə üstünlük verməyi, yolu keçərkən özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaratmamağı tövsiyə edirik”.