Aqil Tağıyev: “Sizin üçün bütün imkanlarımı ortaya qoyacam”

0
1105

33 saylı Xətai rayonu 1 saylı Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aqil Ramiz oğlu Tağıyev 1983-cü ildə Bakıda anadan olmuşdur.
Orta təhsilini Xətai rayonunun 29 nömrəli məktəbində almıq Aqil Tağıyev Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Tikinti və iqtisadi idarəetmə fakültəsində ali ixtisasa yiyələnmişdir.
Hazırda sahibkarlıq və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan A.Tağıyev deputatlığa namizədliyinin məqsədi və öz qarşısına qoyduğu vəzifələri, həyata keçirmək arzusunda olduğu fəaliyyət proqramı ilə oxuculara və seçicilərinə müraciət etmişdir:

“Əziz Seçicilər!

Bildiyiniz kimi mən bu seçkilərə “Yeni sima, yeni ideya: Yol gənclərindir” devizi ilə qatılmışam. Məqsədim Sizin etimadınızı qazanacağım təqdirdə deputat olaraq gündəlik fəaliyyətimlə həyatınıza müsbət dəyişikliklər gətirməkdir.

Fəaliyyətimin əsas istiqaməti aşağıdakı kimi olacaq:

Ölkəmizin ağrılı yeri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq müstəvidə davamlı iş aparmaq;
Vətəndaşların sosial problemlərini gündəmdə saxlamaq;
Ölkədə güclü vətəndaş olan bir cəmiyyətin formalaşmasına çalışmaq;
Vətəndaşlardan gələn sorğuları cavabsız qoymamaq;
Bacardığım qədər gənclərin təhsil və məşğulluq məsələlərinə diqqət ayırmaq;
Gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün Milli Məclisdə məsələ qaldırmaq;
Təqaüddə olan əməkli vətəndaşlarımızın pensiya və müavinətlərinin qaldırılması məsələsini Milli Məclisdə müntəzəm gündəmə gətirmək;
Məhəllələrin, binaların abadlaşdırılması və təmiri ilə bağlı hökumət qarşısında vaxtaşırı məsələlər qaldırmaq;
Rayonun mənzil kommunal problemlərini nəzarətdə saxlamaq;
Uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkil olunması üçün işlər görmək;
Əlilliyi olan vətəndaşların hüquqlarının daha çox qorunmasına nail olmaq;
Müharibə veteranları və şəhid ailələrinin sosial müdafiəsini daimi diqqətdə saxlamaq;
Yaşayış məntəqələrində vətəndaşlara narahatçılıq yaradan ticarət obyektlərini qanunların tələblərinə riayət etməyə çağırmaq.

Hər birinizi 9 Fevral, 2020-ci il tarixində seçkilərə gəlməyə və doğru seçim etməyə çağırıram.

Dəyərli seçicilərim, əgər sizinlə eyni rayonun sakini olaraq mənə etimad göstərib 9 fevral 2020-ci il tarixində keçiriləcək VI çağırış növbədənkənar seçkilərdə namizədliyimi dəstəkləyərək səs verib mənim Milli Məclis üzvlüyümü rəsmiləşdirsəniz, aşağıdakı real təkliflərimi həyata keçirmək üçün bütün imkanlarımı ortaya qoyacağam:
Prezident İlham Əliyevin ictimai-sosial sahələrdə başladığı yeniləşmə islahatlarına geniş sosial dəstək vermək.
Sosial-humanitar sahələrə olan dövlət siyasətini daha da gücləndirmək, genişləndirmək, sürətləndirmək və inkişaf etdirmək üçün Milli Məclisdə ardıcıl olaraq təkliflərlə çıxış etmək.
İqtisadi islahatları dərinləşdirmək üçün, kiçik və orta sahibkarların problemlərini əlaqədar dövlət qurumlarının diqqətinə çatdırmaq.
Xətai rayonunun sakinlərinin işsizlik problemlərinin aradan qaldırılması üçün davamlı lokal layhələrin həyata keçirilməsi üçün proqramlar hazırlamaq.
Xətaidə “İnkişaf etmiş rayon: abad məhəllələr, təmirli yollar, gözəlləşdirilmiş həyətlər” şüarı ilə sosial-məişət proqramları reallaşdırmaq.
Rayonun aztəminatlı ailələri və kasıb təbəqələrinin nümayəndələri üçün yeni iş yerlərinin yaradılmasına nail olmaq.
İşsiz gənclər və ali məktəbi bitirmiş tələbələrin işlə təmin etmək, eləcə də onların yeni peşə bacarıqlarını, yeni sənət vərdişlərini inkişafına təkan vermək.
Qarabağ probleminin həlli üçün beynəlxalq aksiyaların təşkilinə çalışmaq”.

“ictimaixeber.az”