Abşeronda 20 Yanvar qurbanlarının xatirəsi ağacəkmə aksiyası ilə əbədiləşdirilib

0
339

Abşeronda 20 Yanvar faciəsində həlak olan 147 şəhidin xatirəsinə eyni sayda ağac əkilib.
Aksiya Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı və orada təcrübə keçən “ASAN könüllü”lərin dəstəyi ilə reallaşıb.
Bakı-Şamaxı avtomobil yolunun Abşeron rayonunun ərazisinə düşən hissəsində gerçəkləşən ağacəkmə aksiyasında İcra hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və könüllülər iştirak edib.
Əvvəlcə 20 Yanvar faciəsi zamanı həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və aksiya iştirakçıları 20 Yanvar faciəsi zamanı həlak olan 147 şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə 147 ədəd Eldar şamı və sərv ağacı əkiblər.
Ağaclardan şəhid olan soydaşlarımızın adı, soyadı və yaşı əks olunmuş lövhələr asılıb.
20 Yanvar faciəsi qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisənin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş aksiyada rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin yuxarı sinif şagirdləri də aktiv şəkildə iştirak ediblər.