Qazaxıstanda təyyarə binaya çırpıldı: Ölənlər arasında Generallar Şurasının sədri də var

0
99
Almatı hava limanında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlər arasında Qazaxıstanın Generallar Şurası Rəyasət Heyətinin sədri Rüstəm Kaydarov da var.

Bu barədə “Tengrinews” xəbər yayımlayıb.

Qeyd edilir ki, ədliyyə general-mayoru, SSRİ Daxili İşlər Nazirliyinin əməkdar əməkdaşı Kaydarov Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü olub.

O, 2001-ci ildən Generallar Şurasına rəhbərlik edirdi.

09:23

Qazaxıstanda təyyarə qəzasında 14 nəfər həlak olub, daha 35 nəfər xəsarət alıb. Yaralılardan 22-nin vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə “RİA Novosti” xəbər yayımlayıb.

“Fokker-100” təyyarəsi uçuşdan dərhal sonra Almatı aeroportunda qəzaya uğrayıb. Yerə düşən hava gəmisi beton arakəsməyə və ikimərtəbəli tikiliyə çırpılıb.

İlkin ehtimallara görə, qəzaya səbəb təyyarənin mühərrikində yaranan nasazlıq olub.

Qeyd edək ki, Almatı – Nur-Sultan reysi ilə uçan təyyarənin göyərtəsində 95 sərnişin və 5 heyət üzvü olub.

07:39

Qazaxıstanın “Bek Air” şirkətinə məxsus “Fokker 100” təyyarəsi Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb.

TASS xəbər verir ki, Almatı – Nur-Sultan reysi ilə uçan təyyarənin göyərtəsində 95 sərnişin və 5 heyət üzvü olub.

Təyyarədə havada hündürlük yığdığı zamanı nasazlığın baş verdiyi bildirilir. Yerə düşən hava gəmisi beton arakəsməyə və ikimərtəbəli tikiliyə çırpılıb.

Qəza yerində dərhal xilasetmə işləri başlayıb: sərnişinlər və heyət üzvləri təxliyə olunub, yanğının qarşısı alınıb.

İlkin məlumata görə, qəza nəticəsində azı yeddi nəfər ölüb.