Nazir bələdiyyələrlə bağlı qərar imzaladı – Vaxt limiti azaldıldı

0
103

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat”da dəyişikliklər təsdiqlənib.

Bununla bağlı Ədliyyə naziri Fikrət Məmmədov qərar imzalayıb.

Qərarla  sənədin 2.5.1-ci yarımbəndinin birinci cümləsində “zidd olması barədə kifayət qədər əsas olduqda” sözləri “zidd olduqda” sözləri ilə, üçüncü cümləsində “15 gün” sözü “5 iş günü” sözü ilə əvəzlənib.

Həmin yarımbənddə göstərilir ki, bələdiyyə aktının Konstitusiyaya, qanunlara, Prezidentin fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına zidd olduqda, aktın qanunvericiliklə müəyyən olunmuş qaydada dəyişdirilməsi və ya ləğv edilməsi barədə onu qəbul etmiş bələdiyyəyə müraciət göndərilir.

Müraciətdə ziddiyyətin məzmunu, onun aradan qaldırılmasına dair təkliflər, həmin təkliflərlə bağlı görülmüş tədbirlər barədə (bələdiyyə aktının (aktlarının) surəti əlavə edilməklə) məlumat təqdim olunmasının zəruriliyi və s. məsələlər göstərilməlidir.

Müraciətdə qeyd olunanların bələdiyyə tərəfindən qanunvericiliklə müəyyən edilmiş beş iş günü ərzində yerinə yetirilməsi nəzarətdə saxlanılır.

Əvvəlki sənəddə isə bu müddət 15 gün müəyyənləşdirilmişdi.

Qərarla 3.2.8-ci yarımbəndində “15 gün” sözü “5 iş günü” sözü ilə əvəzlənib.

Bu bənd müraciətin araşdırılması zamanı bələdiyyənin fəaliyyətinin və yaxud bələdiyyə aktının bu təlimatın 2.5.1-ci yarımbəndində sadalanmış normativ-hüquqi aktlara zidd olduğu müəyyən edilməsi ilə bağlıdır.

Beş iş günü ərzində müvafiq fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması, yaxud müvafiq aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə bələdiyyəyə müraciət olunur.

Nazir Fikrət Məmmədovun qərarı ilə təlimatın 3.2.11-ci yarımbəndində də dəyişiklik edilib.

Əvvəlki qərarda yazılmışdı ki, görə hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ağır ziyan vura bilərsə, həmin aktın ləğv edilməsi və ya həmin fəaliyyətə xitam verilməsi məqsədi ilə müvafiq bələdiyyəyə dərhal təklif göndərilir.

Yeni qərarla müvafiq yarımbənddən “ağır” sözü çıxarılıb və “ləğv edilməsi” sözündən sonra “(dəyişdirilməsi)” sözü əlavə edilib.