Bakıda İƏT-in kənd təsərrüfatı üzrə yüksəksəviyyəli ekspertlərinin V iclası keçirilib – Foto

0
147

Dekabrın 3-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) kənd təsərrüfatı üzrə yüksəksəviyyəli ekspertlərinin V iclası keçirilir.

İclasda İƏT-ə üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin dekabrın 4-də Bakıda keçiriləcək VI iclasına hazırlıq, o cümlədən gündəliyin layihəsi, “ECO-Vison 2025”-in kənd təsərrüfatına aid hissəsinin həyata keçirilməsi yolları, İƏT-ə üzv ölkələrin nazirlərinin V iclasından bəri Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyinə dair Katibliyin Tərəqqi Hesabatı, həmçinin kənd təsərrüfaı sahəsi üzrə 2019-cu il Bakı Bəyannaməsinin hazırlanması və digər məsələlər müzakirə olunur.

Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov iclasda çıxış edərək bildirib ki, son illər Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi, aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizdə aqrar sahədə əldə olunan uğurlar barədə məlumat verən nazir müavini deyib: “Bu gün regionlarımızda beynəlxalq standartlara cavab verən müasir təsərrüfatların (aqro-parklar) yaradılması və ən son aqrar texnologiyaların transferi istiqamətində ciddi addımlar atılır. Kənd təsərrüfatını inkişaf etdirməklə biz həm də elm, təhsil, məşğulluq, innovasiya, ticarət və kənd turizmi kimi sahələrin inkişafına da təkan vermək niyyətindəyik. Bu baxımdan, dayanıqlı inkişaf məqsədlərinə, xüsusilə kənd təsərrüfatında qarşıya qoyulan hədəflərə nail olmaq üçün qida və ərzaq təhlükəsizliyinin bütün mərhələləri üzrə beynəlxalq əməkdaşlığın formalaşdırılması zəruridir”.

Elçin Zeynalov qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı üzv ölkələr arasında elmi tədqiqat sisteminin inkişafı, mütərəqqi təcrübələrin mübadiləsi, müasir texnologiyalar və metodologiyaların ötürülməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, elmi nailiyyətlərin paylaşılması və digər əməkdaşlıqlar üçün vacib platformadır.

“Bu gün, keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının kənd təsərrüfatı üzrə yüksək səviyyəli ekspertlərinin V iclasının gündəliyində əks olunan prioritet məsələlər hər biri üzv ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan əminəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Kənd Təsərrüfatı Nazirlərinin Vl və Yüksək Səviyyəli Ekspertlərin V iclasına ev sahibliyi edərək, bu gün bir sıra vacib məsələlərin müzakirəsinə və həllinə nail olacağıq və bununla da, İƏT üzv ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə, regiondaxili ticarətin artırılmasına və İƏT regionunda investisiyaların təşviqinə mühüm töhvə verəcəyik”, – deyə Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini bildirib.

İclas işini gündəlikdə olan məsələlərin müzakirəsi ilə davam etdirir.