2019-cu ilin ən gözlənilməz kəşfləri

0
127

Tarix boyu bir çox böyük ixtiralar təsadüf nəticəsində edilib. Yola saldığımız 2019-cu il də kəşflərlə zəngin olub. Beləliklə, bu il tibb sahəsində edilən bəzi ən gözlənilməz kəşfləri təqdim edirik.

Sürprizli siçan

Oktyabr ayında amerikalı alimlər tamamilə təsadüfən rotavirusa (bağırsaq infeksiyası – red.) qarşı davamlı olan siçan yaratdıqlarını bildiriblər. Məlum olub ki, infeksiya ilə bağırsaq sakinləri –  sapşəkilli seqmentli bakteriyalar mübarizə aparıblar.

Hər şey isə məməlilərin rotavirusa həssaslığını araşdıran Corcia Dövlət Universitetinin immunoloqlarının qənaət etmək üçün  immun çatışmazlığı olan laboratoriya siçanlarını kənardan almayaraq özlərinin yaratmağa qərar verməsi ilə başlayıb. Virusun orqanizmdə yayılması mexanizmini daha yaxşı anlamaq üçün gəmiricilər böyüdükdə, onların hamısını rotavirus infeksiyasına yoluxdurublar. Lakin alimlər sürprizlə qarşılaşıblar, belə ki, heç bir siçan xəstələnməyib.

Daha sonra eksperiment laboratoriya heyvanlarının yetişdirilməsində ixtisaslaşan kommersiya şirkətindən alınmış gəmiricilər üzərində təkrarlanıb. Alınan bütün siçanlar immun çatışmazlığından əziyyət çəkib və yoluxduqdan dərhal sonra rotavirus infeksiyasının əsas simptomları — qusma və ishal müşahidə olunub.  Yalnız universitet siçanlarının mikrobiotası nəql edilən heyvanlar xəstələnməyiblər.

Növbəti tədqiqatlar göstərib ki, virusdan bağırsaqlarda yaşayan xüsusi sapvari seqmentli bakteriyalar müdafiə edib. Bədənə daxil olduqda, bu bakteriyalar bir tərəfdən onun genlərinin təsirini dəyişdiriblər və epitel hüceyrələrinin dəyişdirilməsini sürətləndiriblər, digər tərəfdən rotavirusun özünün fəaliyyətinə mane olublar. Universitet siçanları bu bakteriyalara tədqiqat aparılan laboratoriyanın çox da steril olmadığı üçün yoluxmuşdular.

Ürəyi müalicə edirdilər, xərçəngdən sağaltdılar

Uabainin – ürək çatışmazlığı və titrəyən aritmiyanın müalicəsi üçün olan dərmanların tərkibinə daxil olan maddə – qəbulundan sonra yaranan yan təsirləri tədqiq edən britaniyalı və alman mütəxəssislər onun xərçəng hüceyrələrini məhv etməyə qadir olduğunu müəyyən ediblər.  Bundan əlavə, bu birləşmə orqanizmi qoca, eləcə də radio və kimya terapiyasına məruz qalmış hüceyrələrdən təmizləyir.

Alimlər uabainin təsirini siçanların normal və yaşlı hüceyrələri üzərində yoxlayıblar. Birinci halda ciddi heç nə müşahidə olunmasa da, ikinci halda dərman qoca, hətta qaraciyərin xərçəngə meylli və şüa terapiyasına məruz qalmış hüceyrələrini tamamilə məhv edib. Uabainin bu gün istifadə olunan oxşar təsirə malik preparatlardan, məsələn, navitoklaksdan əsas fərqi də məhz bundadır. Məlumdur ki, o, yalnız leykemiya və lenfoma xəstələrində xərçəng hüceyrələrini deyil, qandakı trombosit və makrofaqları da öldürür.

Tədqiqatın müəlliflərinin sözlərinə görə, uabain tərkibli dərmanlar artıq klinik praktikada insanlar üzərində sınaqdan çıxarılır. Əgər xərçəng əleyhinə təsiri təsdiqlənərsə, onlar onkoterapiya üçün yaxın zamanlarda qeydiyyatdan keçiriləcəklər.

Artıq çəki əleyhinə həblər

Diabet üçün dərmanlar hazırlayan beynəlxalq alimlər qrupu, onların aktiv maddəsi olan metforminin gözlənilməz yan təsirə malik olduğunu aşkar ediblər. Təcrübələrdə iştirak edən xəstələr iştahını itirir və tədricən arıqlayıblar.

Təcrübə sağlam könüllülər üzərində keçirilib. Tədqiqat iştirakçıları üç həftə ərzində orta hesabla çəkilərinin 3,5 faizini itiriblər. Eyni zamanda, mərkəzi sinir sistemində reseptorlarla əlaqə qurmağa və bununla da iştaha təsir etməyə qadir olan “GDF15”in artım faktorunun qanda miqdarı çoxalıb.

Təcrübə zamanı yüksək yağlı pəhrizdə oturan və metformin qəbul edən laboratoriya siçanları da xeyli çəki itiriblər. “GDF15” geni söndürüldükdə və ya onun GFRAL  reseptoru bloklananda çəkinin azalması dayanıb. Lakin dərman özünün əsas vəzifəsinin – qanda şəkərin səviyyəsinin azaldılması- öhdəsindən gəlməyə davam edib.

Tədqiqatçılar hesab edirlər ki, “GDF15” bağırsaq epitelisi və ya bağırsaq mikrobiotunun metabolizminin tənzimlənməsində rol oynayır. Perspektivdə dərman  çəkinin azaldılmasında və piylənmə ilə mübarizədə istifadə edilə bilər.