Rusiyanın Novqorod vilayəti və Azərbaycanın Şəki rayonu arasında əməkdaşlıq memorandumu imzalanıb

0
129

Rusiyanın Novqorod vilayəti və Azərbaycanın Şəki rayonu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Novqorod vilayəti hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycan və Rusiyanın regionları sahibkarlara, müəssisələrə və təşkilatlara işgüzar əlaqələrin genişləndirilməsində və qarşılıqlı faydalı əməkdaşlığın inkişafında kömək edəcəklər. Sənədi Novqorod vilayətinin qubernatoru Andrey Nikitin və Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov imzalayıblar. Qubernatorla keçirilən görüşdə isə Şəki rayonunun və Şəki şəhərinin təqdimatı olub, əməkdaşlığın perspektivləri müzakirə edilib.

Qeyd edək ki, Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun başçılıq etdiyi nümayəndə heyətinin Novqorod vilayətinə səfəri çərçivəsində keçirilən sahibkarların görüşündə və dəyirmi masada ölkələrimizin iki regionu arasında əməkdaşlığın mümkün sahələri müzakirə olunub. Tərəflər Novqorod mağazalarına Azərbaycandan quru meyvə tədarükü məsələsini nəzərdən keçiriblər. Ticarət şəbəkələrinin nümayəndələri qeyd ediblər ki, bu məhsulların yüksək keyfiyyətli və ucuz tədarükçüsünü tapmaq çətindir. Azərbaycanda quru meyvələrin geniş çeşidləri, o cümlədən əla növ ərik qurusu, qurudulmuş xurma və qoz var.

Mətbuat xidmətində əlavə ediblər ki, Novqorodun “Elegiya” mebel istehsalçısı 2018-ci ildə Azərbaycana biznes missiyasından sonra EMBAWOOD şirkəti ilə mebel tədarükünə dair müqavilə imzalayıb. İndi Azərbaycana bu məhsulun tədarükü qaydasına qoyulub. Daha üç kontrakt isə hazırlanma mərhələsindədir. “Elegiya” ASC-nin baş mühəndisi Yuri Qluşnev həmkarlarına bildirib ki, şirkət istər hər hansı mebel dəstləri, istərsə də yüksək texnoloji ləvazimatın tədarükünü həyata keçirə bilər.