“Milli Məclisin də islahatlara qoşulması vacibdir” – Deputat

0
112

Azərbaycanda aparılan islahatların daha uğurlu olması və sürətlə getməsi üçün ali qanunverici orqanın da bu proseslərə qoşulması vacibdir. Yeni Azərbaycan Partiyası (YAP) da məhz bu səbəbdən Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edərək bununla bağlı qərar verib.

Bunu deputat Bəxtiyar Sadıqov deyib.

Deputatın sözlərinə görə, Azərbaycanda aparılan ciddi islahatlar artıq növbəti mərhələsinə qədəm qoyub. Bu islahatlar Azərbaycan xalqı tərəfindən dəstəklənir:

“Azərbaycan xalqı bu islahatların uğurlarını, nəticələrini görür, öz həyatında bunu hiss edir. Onlar bu islahatların tərəfdarıdır. Ona görə də islahatların davamlı olması, uğurla başa çatması üçün hakimiyyətin bütün qanadlarının buna dəstək verməsi zərurəti yaranıb. İcra strukturlarında, nazirliklərdə, komitələrdə, hətta Nazirlər Kabinetində islahatlar gedir, müəyyən dəyişikliklərin nəticələrini görürük. Məhkəmə-hüquq sahəsində islahatların daha da dərinləşdirilməsi ilə bağlı addımlar atılır”.

B.Sadıqov hesab edir ki, yeni formalaşacaq parlament islahatlara dəstək olacaq. Beləliklə də Milli Məclis islahatların daha uğurla getməsinə öz töhfəsini verəcək.

Deputat bildirib ki, parlamentin yeni tərkibində gənclərin üstünlük təşkil etməsi arzuolunandır.

B.Sadıqovun sözlərinə görə, xüsusilə vətənpərvər, bilikli, təcrübəli, ictimai-siyasi fəal gənclərin parlamentə seçilməsi daha məqsədəuyğundur:

“YAP çalışacaq ki, dəstək verdiyi namizədlərin arasında gənclərin sayı çox olsun. Mən inanıram ki, Azərbaycan xalqı da budəfəki seçkidə öz vətənpərvərliyi, əməli ilə fərqlənmiş gənclərə daha çox səs verəcək”.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının bu gün keçirilən iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub.