“ Bir istəyim var, canımdan ağrılar getsin…” – Video

0
229

Ağdam rayonundan məcburi köçkün olan, şəhid və əlil bacısı, I qrup əlil anası Elmura Qasımova 4 il əvvəl iş yerində böyük xəsarət almış oğlunu hələ də malicə etdirə bilmir.
İctimai Nəzarət Koalisiyasına müraciət edən E.Qasımovanın şikayətini oxucuların nəzərinə çatdırırıq.
Cavanşir Qasımov 12 gün işlədiyi şirkətdən bir qolunu itirməklə və başından aldığı xəsarətlərlə ayrılıb.
İş zamanı onu elektrik cərəyanı vurub. Təcili yardımla 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən gənc 9 ay yatılı müalicə alıb.
Cavanşir Qasımov 2015-ci ildə “AN-MEDİA” şirkətində işə başlayıb. Onunla əmək müqaviləsi imzalanmayıb. İşlədiyi ərazidə də üzərinə nəzarətçi təyin edilməyib. Ailə şirkətdən məhkəməyə şikayət edərək onlardan 100 min manat təzminat tələb edib.
Qaradağ rayon Məhkəməsi şirkət rəhbərinə iki il icbari iş cəzası verib. Onun maaşından 20 faiz dövlətə vergi tutulub. Zərərçəkənin təzminat tələbi təmin olunmayıb. Qərardan verilən kassasiya şikayəti iyulun 4-də yenidən Apelyasiya Məhkəməsinə qaytarılıb.
Şirkətin direktoru İlqar Şahhüseynov bildirib ki, Cavanşir Qasımovun müalicəsinə yardım göstərib. İranda müalicə xərclərini qarşılamağa hazır olsa da, ailə razılaşmayıb.
Elmura Qasımova isə deyir ki, oğlunun müalicəsi yüz min manatdan çox vəsait tələb edir. Bu məbləği də şirkət ödəmək istəmir.
Hər dəfə şirkət rəhbərindən dava-dalaşla oğlunun müalicəsi üçün 200, 300 manat alıb. Amma bu vəsait oğlunun sağalması üçün bəs eləməyib.
“ Məhkəmə qətnaməsini aldığımız gün atasının ürəyi dayandı. Ailəli idi, bir oğlu var. Hadisədən sonra həyat yoldaşı uşağı götürüb getdi evdən. Oğluma qulluq etmək məcburiyyətində olduğum üçün işləyə də bilmirəm”. Göz yaşları ilə bunları bildirən Elmura xanım növbəti məhkəmənin dekabrın 5-nə təyin olunduğunu deyir.
Məhkəmə həmin gün saat 11-də Apelyasiya Məhkəməsinin 8-ci zalında keçiriləcək.
28 yaşında I qrup ömürlük əlil olan Cavanşir Qasımovun bir istəyi var: canından ağrılar getsin…
Onu da qeyd edək ki, İctimai Nəzarət Koalisiyasının QHT evində 27 noyabr saat 15:00 da ölkə ictimaiyyəti və mətbuat nümayəndələri ilə zərərçəkənlərin görüşü olacaq.
Ünvan: Mətbuat Prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı, 8-ci mərtəbə
“ictimaixeber.az”