XVIII Zirvə Görüşü Azərbaycana mühüm dividendlər gətirəcək – RƏYLƏR

0
123

Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi Cənubi Qafqaz regionunun aparıcı dövlətini dünyada və qlobal diplomatiyada daha çox tanıdacaq.

Bu sözləri belaruslu ekspert Yuri Şevtsov deyib.

Onun sözlərinə görə, bu amil Azərbaycana beynəlxalq əlaqələrini genişləndirməyə imkan verəcək:

“Fikrimcə, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi ölkənin onsuz da yüksək olan nüfuzunu daha da yüksəldəcək”.

Ekspert bildirib ki, Qoşulmama Hərəkatının xüsusiyyəti ilk növbədə Asiya ölkələrinin geniş təmsil olunmasıdır.

BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatın toplantısının Bakıda keçirilməsi və 2019-2022-ci illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər verir.

Bunu Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Pərvin Kərimzadə deyib.

Deputatın sözlərinə görə, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü ölkədir: “Regionun lider dövləti kimi bu coğrafiyada baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır. Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir. Bu uğurlar əsasını ulu öndər Heydər Əliyevin qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən və praqmatik xarici siyasət strategiyası sayəsində qazanılıb.

Azərbaycan uğurla inkişaf edir, ölkəmizin dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Azərbaycanın Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra belə nəhəng bir təşkilatın çox mühüm beynəlxalq tədbirinə ev sahibliyi etməsi ölkəmizin müstəqillik tarixində ən böyük siyasi hadisələrdən biridir. Həmçinin, 2019-2022-ci illərdə təşkilata sədrlik etmək kimi statusa malik olması da Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirəcək, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından ölkəmizə mühüm dividendlər gətirəcək”.

P.Kərimzadə qeyd edib ki, Qoşulmama Hərəkatının üzvləri bloklara qoşulmayan, öz ərazisində xarici hərbi baza yerləşdirməyən, beynəlxalq münasibətlər sistemində mövcud olan konfliktlərin sülh yolu ilə həll olunmasına dair mövqe ortaya qoyan bir hərəkatdır: “Bu Hərəkat üzv dövlətlərin milli müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması çərçivəsində imperializm, müstəmləkəçilik və post-müstəmləkəçilik, irqçilik və hər hansı xarici müdaxilə, zorakı kənar təsir və təzyiq, eləcə də böyük güclərin münaqişə zəminində yaratdıqları çoxüzvlü hərbi və siyasi bloklara qarşı formalaşıb.

Ərazi bütövlüyümüzün dəstəklənməsi üçün ölkəmizin digər dövlətlərin suverenliyi və ərazi bütövlüyünə, onların beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinə ciddi riayət edən Hərəkatda iştirak Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyimizin üzv dövlətlərin diqqətinə çatdırılması baxımından da çox əhəmiyyətlidir. Qoşulmama Hərəkatının 2016-cı ildə Venesuelada keçirilən Sammitində qəbul edilmiş yekun sənəddə iştirakçı dövlətlər Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi ilə həll edilməsinin zəruriliyini bildirib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsinə çağırışlar ediblər. Bu ilin iyul ayında Hərəkat üzvləri tərəfindən Venesuela Respublikasının Karakas şəhərində keçirilən Nazirlər Şurasının yekun sənədində də oxşar mövqe ortaya qoyulub.

Qoşulmama Hərəkatına üzvlük Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə daha çox dəstəyin əldə edilməsinə töhfə verib”.

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Nazirlər Konfransı zamanı söylədiyi nitqində Qoşulmama Hərəkatının beynəlxalq hüququn prinsiplərinə sadiqliyinə toxunub – “Yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği ilə məşğuldur. Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Qoşulmama Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir”.

XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi regional və beynəlxalq təhlükəsizlik, əməkdaşlıq baxımından əhəmiyyətli olduğu kimi, Azərbaycanın haqq səsinin dünyada eşidilməsinə də yeni bir təkan olacaq”.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü ötən gün Bakıda öz işinə başlayıb və bu gün davam eidr. Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının dünənki görüşündə Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilib.

Beləliklə, Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.

Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılıb.