Vitali Arkov: Moskva Bakının Qarabağla bağlı mövqeyini dəstəkləyir

0
514

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında Ermənistan Baş naziri Nikol Paşinyana qarşı səsləndirdiyi sərt bəyanatı dəstəkləyib.

Bu fikirləri “PolitRUS” ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib.

“İlham Əliyevin “Valday” forumunda Nikol Paşinyana qarşı səsləndirdiyi sərt bəyanatı Vladimir Putinin və digər ali qonaqların diqqətlə izləməsi onu göstərir ki, Moskva Qarabağla bağlı Bakının mövqeyini dəstəkləyir”, – eskpert bildirib.

Onun sözlərinə görə, eyni zamanda, İ.Əliyevin nitqinin əsas hissəsi Azərbaycan-Rusiya münasibətlərinin inkişafına həsr olunub.

“Ümumiyyətlə, İlham Əliyevin “Valday” klubunun iclasındakı çıxışı çox dərin, geniş oldu və bir çox suallara cavab verdi”, – V.Arkov əlavə edib.

Politoloqun sözlərinə görə, İ.Əliyev Azərbaycanda Rusiya kapitalının mövcudluğunun genişləndirilməsi amilini də bildirib.

V.Arkov, həmçinin, respublikada rus dili və mədəniyyətinə olan yüksək marağın vacibliyini də qeyd edib.

“Azərbaycanda rus dilinin inkişafı və təhsili, yəqin ki, postsovet məkanında çox parlaq bir nümunədir və sevindirici haldır. Rusiyaya qarşı sevgiyə and içmək və bəzi ölkələr, o cümlədən, Qafqazda olduğu kimi etibarlı dost olduğunu demək olar. Ancaq Azərbaycan kimi də hərəkət etmək olar. Sözlə deyil, real işləri ilə sübut edir ki, Azərbaycan və Rusiya tərəfdaşdır. Bu strateji tərəfdaşlığın gələcəyi var”, – o deyib.

Ermənistan-Rusiya münasibətlərini şərh edən politoloq Ermənistanın hazırkı rəhbərliyinin bu əlaqələri sıfıra endirmək istəyindən təəssüfləndiyini bildirib.

“Bu vəziyyətdə hansı dialoqdan söhbət gedə bilər? Paşinyanın həm Rusiya, həm KTMT, həm də AİB-ə qarşı münasibəti ilə heç bir danışıq mümkün deyil. Onun bizə və bu təşkilatların fəaliyyətinə olan mövqeyi dəyişsə, dialoq mümkündür”, – V.Arkov deyib.