“Rusiya, sadəcə, Nikol Paşinyanı qəbul etmir, ancaq Ermənistandan vaz keçmək fikri yoxdur”

0
182

“Qarabağ-Ermənistandır” bəyanatı siyasi prosesin yenilənməsi üçün müsbət atmosferin yaradılmasına kömək etmir.

Bu sözləri bu gün “Valday” diskussiya  klubunun iclasında Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib. Bununla da o, Ermənistanın Baş naziri Nikol Paşinyanın sözügedən bəyanatı ilə bağlı Rusiya adından ilk dəfə açıqlama verərək onunla razılaşmadıqları barədə rəsmi mövqe nümayiş etdirib. Lavrov “Qarabağ-Ermənistandır” bəyanatını Albaniyanın baş nazirinin “Kosovo-Albaniyadır” bəyanatı ilə müqayisə edib:

“Tərəflər müxtəlif bəyanatlar səsləndirirlər. O cümlədən, “Qarabağ-Ermənistandır” fikri səsləndirildi. Bu, “Kosovo-Albaniyadır” bəyanatına oxşadı. Əlbəttə, bu cür bəyanatlar siyasi prosesin yenilənməsi üçün müsbət atmosfer qurulmasına mane olur”.

Politoloq Elxan Şahinoğlunun fikrincə, Rusiya Paşinyanın Qarabağla bağlı bəyanatına qarşı çıxsa da, Ermənistandan vaz keçmək fikri yoxdur:

“Məlumdur ki, Kreml Kosovonun müstəqilliyini qəbul etmir və bu bölgəni Serbiyanın ərazisi sayır. Ona görə də Qarabağın Kosovoya bənzədilməsi İrəvanın xeyrinə deyil. Əgər Kosovo məntiqindən yanaşsaq, Kreml nə Qarabağın Ermənistana birləşdirilməsinin, nə də müstəqilliyinin tərəfdarı olmalıdır. Ancaq Kremlin bu siyasətinin davamlı olacağını söyləmək çətindir. Kreml, sadəcə, Nikol Paşinyanı qəbul etmir, ancaq Ermənistandan vaz keçmək fikri yoxdur”.