Məşhur Everest, Monblan və Kilimancaro dağ zirvələrində buzlaqlar sürətlə əriyir

0
444

Qlobal istiləşmə And və Alpdan tutmuş Himalay və Tibetə qədər dünyanın ən yüksək dağ zirvələrində buzlaqların sürətlə əriməsinə gətirib çıxarır. Axı məhz bu buzlaqlar planetin sakinlərinin rifahının, kənd təsərrüfatının, sənayenin və gəmiçiliyin inkişafının asılı olduğu bir çox iri çaylar üçün şirin su mənbəyidir.

Bu və digər məsələləri bu gün Cenevrədə keçiriləcək Dünya Meteorologiya Təşkilatının (DMT) yüksək dağlıq rayonlar üzrə sammitinin iştirakçıları müzakirə edəcəklər. Sammitdə dünyanın müxtəlif ölkələrindən 150-yə yaxın nümayəndə iştirak edəcək. Onlar daha çox sürüşmələrdən, qar uçqunları və daşqınlardan əziyyət çəkən və artıq bu gün şirin su çatışmazlığı ilə qarşılaşan yerli sakinlər və dağlar üçün iqlim dəyişikliyinin fəsadlarını təhlil edəcəklər. Sammit iştirakçıları təhlükəli təbii fəlakətlərin azaldılması yollarını, həm yüksək dağ rayonlarında, həm də aranlıqda qlobal istiləşməyə adaptasiyanı öyrənəcəklər. Yüksək dağlıq regionlarda hidrometeoroloji proqnozların yaxşılaşdırılmasına nail olmaq görüşdə qarşıya qoyulan vəzifələrdən biridir.

Dağlıq regionlar Yer kürəsi səthinin təqribən dörddəbirini təşkil edir. Həmin ərazilərdə 1,1 milyarda yaxın insan yaşayır. Bu regionları çox vaxt “dünyanı su ilə təchiz edən qüllələr” adlandırırlar. Axı dağlarda yerləşən çay hövzələrinin yuxarı axarı bəşəriyyətin yarıdan çoxunu şirin su ilə təmin edir. Bu xüsusda planetimizin “üçüncü qütbü” kimi tanınan Himalay-Hinduquş və Tibet dağlıq rayonları böyük rol oynayırlar.

DMT ekspertləri xatırladır ki, dağlıq kriosfer – buzlaqlar, qar və daimi donuşluq qlobal istiləşmənin mənfi təsirini özündə daha çox hiss edir. Bu isə içməli su təminatında, ərzaq sabitliyində çətinliklər yaradır, çay gəmiçiliyinin işini mürəkkəbləşdirir. Artıq bu gün iqlim dəyişmələrinin fəsadları Everest, Monblan və Kilimancaro kimi məşhur dağ zirvələrində aşkar görünür.

“Buzlaqların əriməsi, buz və qar qatının nazikləşməsi – bütün bunlar iqlim dəyişmələrinin daha çox nəzərəçarpan əlamətləridir. Son iki onillikdə iri buzlaqların 31-də ərimə prosesi sürətlənib”, – deyə DMT-nin Baş katibi Petteri Talas bildirib.

DMT ekspertləri xəbərdarlıq edirlər ki, içməli su problemi təkcə yüksək dağlıq regionların əhalisinə deyil, həm də çayın aşağı axınında yerləşən sakinlərə də aid edilir. Onlar, həmçinin qeyd edirlər ki, ölçüsünə görə kiçik olan buzlaqlar istixana qazları tullantılarının yüksək səviyyəsi müşahidə edildiyi halda, məsələn, Avropada, Afrikanın şərq hissəsində və İndoneziyada 2100-cu ilədək özünün indiki çəkisinin 80 faizini itirəcək.