Elman Rüstəmov Azərbaycandakı saxta pullar haqda

0
172

image hereAzərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov rəhbərlik etdiyi qurumun saxta əsginaslarla bağlı kommersiya banklarına etdiyi xəbərdarlığı şərh edib.

“Saxta əsginaslarla mübarizə bizim işimizin daimi istiqamətlərindən biridir. Təbii ki, banklar diqqətli olmalıdır. Baxmayaraq ki, Azərbaycanda saxta nağd pulların həcmi o qədər də çox deyil, bu məsələ ilə bağlı hər hansı əlahiddə vəziyyət yoxdur. Bizdə aşkar edilmiş saxta nağd pulların xüsusi çəkisi digər ölkələrdən qat-qat aşağı olsa da, biz daim Daxili İşlər Nazirliyi (DİN) və digər hüquq-mühafizə orqanları ilə çox ciddi işləyirik. Koordinasiyalı iş qururuq. Daim bu məsələ diqqət mərkəzində saxlanılır”, – deyə AMB sədri əlavə edib.

Xatırladaq ki, ötən həftə AMB ölkədə olan kommersiya banklarına saxta əsginaslarla bağlı xəbərdarlıq məktubu göndərib. Məktub dövriyyədə saxta pul əsginaslarının olması ilə bağlı AMB-yə daxil olan şikayətlər əsasında yazılıb.

Məktubda deyilir ki, Mərkəzi Bank bununla bağlı monitorinqlər aparıb və həmin əsginasları kommersiya banklarına məxsus ATM-lərdən çıxdığı aydınlaşıb. Həmçinin bankların bu məsələdə diqqətli olması, yararlı olmayan əsginasları ATM-lərə daxil etməmək tapşırılıb.

Kommersiya banklarına göndərilən məktubda qeyd olunur ki, banklar yararlı olmayan əsginasları aparıb Mərkəzi Banka təhvil versinlər.