Çində ölkə tarixinin ən böyük hərbi paradı keçirilib – Foto

0
475

Çin Xalq Respublikasının (ÇXR) yaranmasının 70-ci ildönümü münasibətilə oktyabrın 1-də Pekində hərbi parad keçirilib.

Ölkənin və dünyanın ən böyük meydanlarından biri hesab olunan Tiananmendə keçirilən parada Çin Silahlı Qüvvələrinin müxtəlif birləşmələrindən ümumilikdə 15 min hərbçi, habelə 160 təyyarə, 580 hərbi texnika cəlb olunub. Bu, Çin tarixində indiyədək milli gün münasibətilə keçirilmiş 14 hərbi paraddan, habelə İkinci Dünya müharibəsində Qələbənin 70 illiyi ilə bağlı təşkil olunmuş hərbi paraddan da böyükdür. Bu, həm də 2015-ci ildə Çin ordusunda islahatların başlanmasından sonra təşkil olunan ilk hərbi paraddır.

ÇXR Sədri, Çin Silahlı Qüvvələrinin ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın sədri Si Cinpin başda olmaqla ölkənin siyasi rəhbərliyinin, Çinin əvvəlki liderləri Cian Ceminin və Hu Cıntaonun, ictimaiyyətin nümayəndələrinin, ümumilikdə 30 min nəfərin meydanda canlı izlədiyi parad ÇXR-in yaranmasının 70-ci ildönümünün şərəfinə toplardan 70 dəfə yaylım atəşinin açılması ilə başlayıb. Çinin dövlət bayrağının qaldırılmasından sonra himn ifa olunub.

Mərasimdə çıxış edən ÇXR Sədri Si Cinpin bayram münasibətilə Çin xalqını təbrik edib, Çin Xalq Respublikasını dəstəkləyən dost ölkələrə təşəkkür edib. O, ÇXR-in elan olunması ilə Çin xalqının həyatında böyük dəyişikliyin olduğunu, ötən 70 ildə müxtəlif etnik qruplardan ibarət olan Çin xalqının böyük zəhmət hesabına nəhəng uğurlara nail olduğunu deyib. “Heç bir qüvvə Çin xalqını gələcəyə doğru irəliləməkdən dayandıra bilməz”, – deyən Si Cinpin Çin Silahlı Qüvvələrinin ölkənin suverenliyini, təhlükəsizliyini, inkişafını qorumalı, dünyada sülhü müdafiə etməli olduğunu bildirib.

Sonra Çin Xalq Azadlıq Ordusunun və Xalq Hərbiləşdirilmiş Polis Qüvvələrinin müxtəlif birləşmələrinin təntənəli keçidi olub. Paradda Çin ordusunun zirehli texnikaları, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, təyyarələr, pilotsuz uçuş aparatları və digər hərbi texnika nümayiş olunub. Yalnız Çin istehsallı silah və hərbi texnikanın nümayiş etdirildiyi paradda bəzi silahlar ilk dəfə ictimaiyyətə təqdim olunub. Bunlar arasında “Dongfeng-41” adlı qitələrarası strateji ballistik raket kompleksi, orta və kiçikmənzilli “Dongfeng-17” raketləri, yeni Z-20 helikopteri, uzaqmənzilli H-6N strateji bombardmançı təyyarəsi, H-6K orta və qısamənzilli bombardmançı təyyarəsi, CJ-100 səsdən sürətli qanadlı raketi, YJ-18 və YJ-18A gəmi əleyhinə qanadlı raketləri, JL-12 sualtı strateji raketi, çoxmənzilli və fərqli yüksəklikdə uçmaq imkanı olan pilotsuz uçuş aparatları (dron) və s. olub. Paradda, habelə Çinin informasiya texnologiyaları üzrə hərbi bölmələri də ilk dəfə geniş ictimaiyyət qarşısına çıxarılıb. Bu bölmələr informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə etməklə ordu birləşmələrinə döyüşdə dəstək məqsədi daşımaqla yanaşı, meteoroloji, hidroloji müşahidələr və topoqrafik araşdırmalar aparmaq, xəritə və naviqasiya xidmətləri göstərmək üçün nəzərdə tutulub.

Hərbi parad başa çatdıqdan sonra Tiananmen meydanından təxminən 100 min nəfərin iştirakı ilə zəhmətkeşlərin səhnələşdirilmiş kütləvi keçidi olub.