Birləşmə növbəsində “üçlük” var – Pullarımızın aqibəti necə olacaq?

0
210

“Maliyyə Nazirliyi ilə bağlı hələlik bir qərar yoxdur və mümkündür ki, bu istiqamətdə də yenilikləri görək. Yaxın günlərdə pul-kredit seqmentində dəyişiklik olacağını proqnozlaşdırıram”

Dünən dövlət başçısı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Fərman imzalayıb. Sənədə əsasən, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Sözügedən qurumların İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyib ki, ölkədə çox ciddi sosial-iqtisadi islahatlar həyata keçirilir və bu islahatlar yeni çağırışlarla müşahidə olunur: “Yeni çağırışlar ölkə iqtisadiyyatının dayanıqlığının təmin olunması ilə bağlıdır. Bu, həm fiskal, həm antiinhisar, həm də əmlak məsələləri üzrə ixtisaslaşmış qurumların İqtisadiyyat Nazirliyinə birləşdirilməsini və makroiqtisadi idarəetmənin pul-kredit seqmentini çıxmaq şərtilə bütün institutlarının bir mərkəzdən idarə olunmasını özündə əks etdirir. Bu, son dərəcə önəmli məsələdir”.

O bildirib ki, həm fiskal siyasət, həm də makroiqtisadi idarəetmənin komponentləri pul-kredit seqmentini çıxmaq şərtilə İqtisadiyyat Nazirliyindən idarə olunacaq: “Bunu məqsədəuyğun hesab edirəm. Bu addım ölkə iqtisadiyyatının dayanıqlığına, daha fəal və intensiv inkişafına şərait yaradacaq. Amma eyni zamanda makroiqtisadi idarəetmənin effektivliyinin təmin olunması üçün çox mühüm komponent pul-kredit siyasətidir. İqtisadiyyat Nazirliyinin fəaliyyətinin uğuru xeyli dərəcədə pul-kredit siyasəti ilə konkret olaraq Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının və Maliyyə Nazirliyinin fəaliyyəti ilə əlaqəli olacaq. Ona görə də bütün yükün məhz bu nazirliyin üzərində olmasını demək elmi cəhətdən əsaslı yanaşma deyil”.

“İqtisadiyyat Nazirliyinin böyük səlahiyyətləri olacaq. Amma Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Nazirliyi, yəni pul-kredit seqmentinə cavabdeh olan qurumlar effektiv iqtisadi inkişafı stimullaşdıracaq və iqtisadi inkişafa təkan verə biləcək bir sistemlə İqtisadiyyat Nazirliyinə dəstək verməlidir. Əks halda, yalnız İqtisadiyyat Nazirliyinin imkanları ilə iqtisadi islahatların tam şəkildə həyata keçirilməsi mümkün deyil”, – deyə professor qeyd edib.

Ekspert bildirib ki, dünya təcrübəsində belə sistemlər mövcuddur: “Məsələn, Çin iqtisadi modelində bu institutların bir yerdə formalaşması var. Bəzi ölkələrdə isə İqtisadiyyat və Maliyyə nazirlikləri birləşdirilib. Bizdə Maliyyə Nazirliyi ilə bağlı hələlik bir qərar yoxdur və mümkündür ki, bu istiqamətdə də yenilikləri görək. Yaxın günlərdə pul-kredit seqmentində dəyişiklik olacağını proqnozlaşdırıram. Çünki bu olmadan tam şəkildə iqtisadi islahatların həyata keçirilməsi mümkün deyil”.

“Əminəm ki, ölkədə həyata keçirilən sosial siyasət imkan verməyəcək ki, işsizlik ilə bağlı hansısa problem olsun, işsizlik artsın. Sadəcə peşəkarlıq səviyyəsi uyğun olmayanlar əvəz ediləcəklər. Bu da bütün dünyada qəbul edilmiş praktikadır və bunun alternativi yoxdur”, – deyə o əlavə edib.

Qeyd edək ki, dünən imzalanan Fərmanda deyilir ki, ölkənin davamlı inkişafının təmin edilməsi məqsədilə aparılan sosial-iqtisadi islahatların dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması və ixrac potensialının artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərinin sürətləndirilməsini və dövlət idarəetmə strukturunun təkmilləşdirilməsini zəruri edir. Məqsəd iqtisadi artım üçün əlverişli şəraitin yaradılmasına cavabdeh olan dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təmin edilməsidir.

Fərmanla İqtisadiyyat Nazirliyinin yeni strukturu aşağıdakı kimi təsdiqlənib:

1. İqtisadiyyat Nazirliyinin aparatı (şöbələr və sektorlar).

2. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti.

3. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti.

4. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti.

5. İqtisadiyyat Nazirliyinin regional bölmələri.

6. Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları.