“Azərbaycan” qəzetinin bərpa olunmasının 30 illik yubileyi təmtəraqlı şəkildə qeyd edildi – FOTO

0
433
“Azərbaycan” qəzetinin bərpa olunmasının 30 illik yubileyi təmtəraqlı şəkildə qeyd edildi - FOTO
Tədbirdə millət vəkilləri, partiya sədrləri, ziyalılar, vətəndaş cəmiyyəti üzvləri, media rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə 1989-cu ildə bərpa edilən və birinci sayı oktyabrın 6-da işıq üzü görən “Azərbaycan” qəzetinin ilk baş redaktoru, xalq şairi,  Sabir Rüstəmxanlı açıb.

O, “Azərbaycan”ın 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan eyni adlı mətbu orqanın varisi olduğunu bildirib: “Qəzet 1988-ci ilin noyabr-dekabr mitinqlərindən sonra bir söz inqilabı, milli düşüncə qasırğası idi. Və bir partlayış effekti yaradaraq bir gündə bütün respublikaya yayıldı. Növbəti nömrədən tiraj 100.000-ə, 1990-cı ilin əvvəlində 200.000-ə, həmin ilin ortalarında yarım milyona çatdı. İnsanlar qəzetinin hər bir nömrəsini intizarla, köşklərin qarşısında sıraya düzülərək gözləyirdilər”.

Qəzetin təsisçisinın Qarabağ Xalq Yardımı komitəsi olduğunu vurğulayan Sabir Rüstəmxanlı qısa zamanda çox mötəbər redaksiya heyətinin formalaşdığını bildirib: “Bayram Bayramov, Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə, Əlyar Səfərli, Ziya Bünyadov, İsmayıl Şıxlı, Yaşar Əliyev, Nadir Cabbarov, Rüstəm Behrudi, Cümşüd NuriyevFəridə Məmmədova, Firudin Cəlilov, Firudin Abbaslı, Elmira Axundova.

Əhməd Elbrus  baş redaktor müavini ,Şərif Kərimli qəzetin məsul katibi idi.

Redaksiya heyətinin 6 üzvü sonralar müstəqillik aktına imza atan istiqlalçı deputatlar sırasında idilər.

1-ci nömrəmizdə İsmayıl Şıxlının, Bayram Bayramovun azərbaycanca, Bəxtiyar Bahabzadənin rusca iri həcmli parlaq yazıları verilmişdi. Sovet ordusunun Qarabağda Azərbaycanlılara qarşı törədilən vəhşiliklərə  reakar və biganə münasibətini əks etdirən şəkillər və məqalə bütün rəsmi dairələri silkələmişdi. Rüstəm Behrudinin sonralar  geniş yayılmış “Salam, dar ağacı”  şerini də birinci nömrəmizdə  çap etmişdik.

2-ci nömrəmizdə xalq yazıçısı İlyas Əfəndiyevin, şair Məmməd Aslanın , tarixçi Mahmud İsmayılovun, hüquqşünas Yaşar Əliyevin kəsərli yazıları verilmişdi. Növbəti nömrələrin birində  Nəriman Nərimanovun Stalinə o vaxta kimi üzə çıxarılmayan məktubu dərc olunmuşdu.

Qəzetin fəal müxbirləri arasında Anarın, Asif Əfəndiyevin, Elmira Axundovanın, Vilayət Quliyevin, Cəmil Əlibəylinin, Haci Hacıyevin, Əhmədağa Muğanlının, Firudin Şuşalının, Nasiman Yaqublunun, Yaqub Mahmudlunun, Rəhim Əliyevin, Süleyman Əlyarlının, Eldəniz İbrahimovun, Mir Şahinin, Elman Gədiklinin,  Asif Rüstəmlinin, Məşədixanım Nemətovanın, Yusif Seyidovun, Emin Mahmudovun, Emin Ağayevin, Fərhad Ağamalıyevin, Qulu Xəlillinin, Qabilin, Murtuz Sadıqlının, Yəhya Məmmədovun, Vaqif Sultanlının, Vahid Axundovun adları xüsusi minnətdarlıqla qeyd olunmalıdır. Məncə, bunlar titil və elmi adlarının sadalanmasına ehtiyac olmayan böyük ziyalılarımızdır”.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azərbaycan” qəzetinin fəaliyyətə başlamasının müstəqil mediamızın yaranmasına inkişafına böyük töhfə verdiyini bildirib. O, MŞ adından “Azərbaycan” qəzetində əməyi keçən ziyalılara mükafatlar təqdim edib.