Əlindəki son konfeti övladına saxlayan atılmışlar: Onların adı çarəsizlik – REPORTAJ

0
623

Övlad sevgisi valideynə hər şeydən üstündür. Onun üçün həyatda hər əzaba dözür. Bəzən bir konfeti uşağına vermək üçün bərk-bərk ovcunda saxlayır. Elə üz tutduğumuz ünvanda yaşayan valideynlərin də atılmalarına rəğmən ovucları, qucaqları həmişə övladları üçün dolu olur

Əslində, kimin başına nə gələcək, heç birimiz bundan xəbərdar deyilik. Bəlkə, bizi də bu acı sonluq gözləyir, deyə bilmərik. İllərlə zəhmətə qatlaşıb böyütdüyün övladın bir gün səni buraya ata bilər. Bilgəhdə yerləşən “Qocalar evi”nə.

Hərəsinin bir acı hekayəsi olan 240 kimsəsiz Pensiya Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisəsində (“Qocalar evi”) yaşayır. Onların burada hər bir şəraiti var, amma isti qucağa, bala qayğısına, sevgisinə həsrətdirlər.

Bizi müəssisənin direktoru Qətibə Əsədova qarşılayır. Buranın aurası söhbətimizə də sirayət edir: “Siz heç bilirsiniz ki, onlar necə məğrurdurlar? Özləri konfet yemir, şəkər tozu, qənd və bu kimi digər ərzaq məhsullarından, yataq dəstlərindən istifadə etmir, onları yığıb övladları üçün saxlayırlar. Onlara yeni yataq dəstləri versək də, özləri cındırda yatırlar. “Yeni verdiyimiz dəst hanı?” soruşanda da deyirlər ki, övladlarımıza göndərmişik. Deyirəm, axı bura dövlət müəssisəsidir, biz hətta köhnə yataq dəstini də geri qaytarmalıyıq. Sabah çəkiliş olsa, biz pis vəziyyətdə qalacağıq”.

 Qətibə Əsədova
Qətibə Əsədova

“Ahıllar evdən qovulsalar belə, təqaüd kartlarını da övladlarına verirlər. Hətta verdiyimiz yağları da soyuducuya yığıb saxlayır, işlətmir, balalarına göndərirlər. Mənə elə gəlir ki, onlar ümid edirlər ki, bəlkə, nəsə olsa, övladları gəlib onları görərlər”, – yaxınlıqdakı işçilərdən biri əlavə edir.

Q.Əsədova bir çox hallarda bu qocaların meyitlərinin də sahibsiz qaldığını deyir: “Bu yaxınlarda dünyasını dəyişən bir qoca kişinin evini təmizləyərkən oradan 40 kiloyadək şəkər tozu tapdıq. Sən demə, bu adam həmişə ona verilən şəkər tozunu yığıb saxlayırmış ki, nə vaxtsa övladı ona baş çəkəndə versin. Amma o kişi öləndən sonra övladlarına zəng edib çağırsaq da, atalarının meyitinə sahib çıxan olmadı”.

Biz isə son cümlələrin təsirindən çıxmaq üçün bir qədər dəhliz boyu gəzərək “son mənzil”in bəzi sakinləri, onların neçəsinin qadın, neçəsinin kişi olması haqda məlumat alırıq. Q.Əsədova bizə məlumat verir ki, 240 sakindən 115-i qadın, 125-i isə kişidir: “Altı il öncə buraya direktor təyin olunanda 112 sakinimiz vardı. Say artımının olması heç də müsbət tendensiya deyil. Çünki valideynin atılması bizim milli mentalitetimizə yaddır. Amma təəssüf ki, onların övladları, nəvələri valideynlərini əllərindən tutub buraya gətirir, geriyə baxmadan gedirlər”.

“Adətən gəlinləri, övladları onları yola verə bilmədikləri üçün buraya atırlar. Bizdə Fərrux adlı bir ağsaqqal vardı. İki il idi ki, burada qalırdı. Deyirdi ki, oğlu şəhid olduqdan sonra gəlin onu yola verməyib, aralarında mübahisələr yaranıb. Biz onu bir neçə gün öncə Qan Xəstəlikləri İnstitutuna göndərdik. Oradan isə onu başqa bir xəstəxanaya göndəriblər. Fərrux dayı orada vəfat edəndən sonra onun bizə verdiyi nömrəyə, bacısı oğluna zəng etdik. Onda bilmişik ki, sən demə, bu kişinin başqa oğulları da varmış. Sonradan oğulları onun meyitini xəstəxanadan götürdülər.

Valideyni burada qalan elə övladlar olub ki, heç ana-atasının ölüsünə də sahib çıxmayıblar. İnanın mənə, buradakı qocaların əksəriyyətinin övladı onlara baş çəkmir. Baş çəkənlər də elə qohum-qonşu adı ilə gəlir, övladı olduqlarını gizlədirlər”.

Direktorla dəhliz boyu gəzərək həm onların şəraiti ilə tanış olur, həm də məşğuliyyətləri haqda öyrənirik. Ahıllar burada asudə vaxtlarını dəyərləndirmək üçün heyvandarlıqla da məşğuldurlar: inək sağır, toyuq-cücə saxlayırlar. Vaxtlarının əyləncəli keçməsi üçün nərd, şahmat yarışları da təşkil olunur: “Bu yaxınlarda Sabunçu rayonunun gəncləri ilə bizim qocalar arasında şahmat, nərd yarışları təşkil etdik. Qaliblərimiz də oldu. Xanımlar üçün talışların “Nənələr” ansamblı fəaliyyət göstərir. Bu rəqs üçün bizim geyimlərimiz də var. Bundan başqa, onlar vaxtlarını maraqlı keçirmək üçün heyvandarlıqla da məşğuldurlar. 5 baş inəyimiz var. İki inəkdən biri gündə 30 litr süd verir”.

“Qocalar Evi”ndə yaşayanların məşğulluğu
“Qocalar Evi”ndə yaşayanların məşğulluğu

Bu qocaların əksəriyyəti yaxınları, övlad və nəvələri tərəfindən atılsalar da, özləri bunu heç zaman buraya gələn kənar şəxsə etiraf etmirlər. Elə dəhlizdə qarşılaşdığımız Ağaməmməd dayı da belə xasiyyətdədir. Q.Əsədova deyir ki, “Qocalar Evi”nin sakini olan 91 yaşlı Ağəməmməd Mahmudovu öz qızı və nəvələri tərk ediblər: “İki qadın onu buraya gətirdi. Dedilər ki, guya küçədən tapıblar, sənədlərini düzəldiblər ki, buraya yerləşsin. 1-2 ildən sonra həmin qızlar zəng eləyib dedilər ki, onu müalicə üçün hansısa müəssisəyə göndərək”.

“O buraya təzə gələndə çox pis vəziyyətdə idi. Onu özüm yedirdirdim. Zamanla dərdlərini danışdı. Bəlli oldu ki, onun pensiya kartı övladlarındadır. Pensiyası da elə onlara qalır”, – deyə Q.Əsədova əlavə edir.

Ağaməmməd dayı isə bizə tamamilə fərqli hekayə danışır: “Üç ildən artıqdır ki, buradayam. Bir gün ata evimi görmək üçün İsmayıllıya getdim, gecə ilə bir yanğın baş verdi ki, nəyim var hamısı yandı. Yaxşı ki, uşaqlarım orada olmamışdılar. Gecə özümü güclə evdən çölə atdım. Evim yanandan sonra nəvələrim məni buraya qoydular. Amma onlar məni buraya gətirmək istəmirdilər. Sadəcə olaraq onların əziyyətimi çəkmələrini istəmədiyim üçün dedim ki, məni buraya gətirsinlər. Çünki bilirdim ki, xəstələnəcəm, durub-otura bilməyəndə onları narahat edəcəyəm”.

Ağaməmməd Mahmudov
Ağaməmməd Mahmudov

Əslində, burada olan qocaların hamısı övladlarına əziyyət verməmək üçün buraya gəldiklərini desələr də, gözləri tamam başqa bir şeyi ifadə edir. Hamısının doğma nəfəsə, qoxuya, illərlə əlindən tutub böyütdüyü övladına, onun nəvazişinə ehtiyacı var.

Acı hekayəsi olan Ağaməmməd dayı nəvələrinin ona baş çəkdiyini deyir. “Beş övladım vardı, onlardan biri sağdır. O da ailəlidir. Hərdən gəlib məni görür. Üç nəvəm var, mənə baş çəkirlər. Yaxşı ki, onlar var. Onların dərd-sər çəkmələrini istəmirəm”.

Amma müəssisə rəhbərinin sözlərinə görə, onu nadir hallarda yada salırlar. Ağaməmməd dayının uzun illərdir Sumqayıtda yaşadığı evində isə hazırda nəvələri məskunlaşıblar.

Qocalar evi
“Qocalar Evi”ndə yaşayan qadın

Övladların biganəliyi bəzən normal adamı təbdən çıxarır. “”Əziz”ləri heç bayramlarda da onlara sahib çıxmır, evə aparmırlar. Elə övladlar var ki, heç gəlib ana-atalarının meyitinə də sahib çıxmırlar. Övladına zəng edib deyirik ki, gəl, anan dünyasını dəyişib. Onun harada dəfn olunacağını soruşanda isə deyirlər ki, gözləyin, biz sizə zəng edəcəyik. Ondan sonra isə nə qədər yığsaq da, nömrələrinə zəng çatmır”, – müəssisənin direktoru deyir.

Söhbət əsnasında elə dünyasını dəyişənlərlə bağlı da məlumat alırıq: ay ərzində təxminən bir-iki nəfər haqq dünyasına qovuşur.

İnsanlar xasiyyətcə çox fərqlidirlər. Bu üzdən də Qətibə xanım biganə övladlara haqq verməsə də, yola getməyin çətin olduğunu bildirir: “Deməzdim ki, bütün günahlar övladlardadır. 6 ildir ki, burada çalışıram. Bu illər ərzində nə qədər qab-qacaq almışıq, yoxa çıxıb. Elə stəkan var ki, ondan 100 ədəd almışdım, 1-i qalıb. Elə də olub ki, birdən-birə 55 stəkan itib. Bu stəkanlardan hansısa birini kiminsə otağında tapanda deyir ki, mən də eynisindən almışam. Amma haradan, necə, nə məqsədlə alıb, bu da sual doğurur. Bu məsələ bir az bizim üçün müəmmalıdır. Bundan başqa, heç ağızlarının qeybəti də qurtarmır. Bu şeylərə ailə necə dözsün?” – deyə o əlavə edib.

 Ənvər Əfəndiyev
Ənvər Əfəndiyev

“Qocalar Evi”nin ən yaşlısı ilə maraqlanırıq. 1926-cı il təvəllüdlü Ənvər Əfəndiyev qohumu tərəfindən buraya yerləşdirilib. Həyat yoldaşı isə 12 il öncə dünyasını dəyişib. Onun ölümündən sonra kirayədə qalan Ənvər baba tək yaşamağın çətinliyinə qatlana bilməyib. Onun eşitmə məhdudiyyətli yeganə, 68 yaşlı qızı da “Qocalar Evi”nin sakinlərindən biridir.

Qulaq yoldaşı tapmışkən dilə gələn Ənvər dayı ilə buraya gəlməzdən öncəki həyatı haqda danışırıq: “Müharibəyədək dəmir yollarında işləyirdim. Könüllü olaraq İkinci Dünya Müharibəsinə getmək istəsəm də, yazılı ərizəmi qəbul etmədilər. Müharibə bitdikdən sonra isə hərbi məktəbə getdim. 3 illik təhsildən sonra 9 il “Azdiviziya”da qulluq etdim. Sonradan kapitan rütbəsində ehtiyata çıxdım. Azərbaycan Texniki Universitetini bitirdikdən sonra isə Layihə İnstitutunda işə başladım. Bunadək uzun illər dəmir yollarının tikintisində çalışmışam. Təqaüdə çıxdıqdan sonra AMEA-da təsərrüfat müdiri kimi çalışdım. Oradan çıxdıqdan sonra “Qocalar Evi”nə gəldim. Artıq 3 aydır ki, buradayam”.

 Ənvər Əfəndiyev
Ənvər Əfəndiyev

Bir neçə ay ərzində yeni dostlar qazanan Ənvər baba deyir ki, boş vaxtlarında adətən dama, ya da şahmat oynayır. Əksər hallarda isə rəqiblərinə qalib gəlir.

Kimisi burada 1-2 ildir ömür sürür, kimisi isə artıq 15-20 ili geridə qoyub. 22 ildir ki, burada yaşayan Zəminə nənə övladını itirib, onun acısını yaşayır.

Məşədibaba Xosrovoğlu isə burada yarını tapanlardandır: “Buraya öz istəyimlə gəlmişəm. Artıq bir ildir ki, burada yaşayıram, hamı ilə doğmalaşmışam”.

Məşədibaba Xosrovoğlu həyat yoldaşı ilə
Məşədibaba Xosrovoğlu həyat yoldaşı ilə

71 yaşı olan Məşədibaba dayı deyir ki, ilk həyat yoldaşı 45 ildən artıqdır ki, dünyasını dəyişib. Uzun subaylıq həyatından sonra o, könül yarını da elə burada tapıb. Tanış olduqdan bir həftə sonra ailə həyatı qurublar. Artıq 3 aydır ki, rus xanımla evli olan Məşədibaba dayı özünü çox xoşbəxt hiss etdiyini deyir: “Mən sevmişəm, amma ömrüm boyu kiməsə vurulmamışam. Heç sevdiyim qadın, həyat yoldaşım olan Tayaya da vurulmamışam, sizə də vurulmaram”.

“Əsas odur ki, o da Allaha yaxın adamdır. Onu çox sevirəm, heç kimə, hətta beş yaşlı uşağa da dəyişmərəm”, – deyə o əlavə edib.

Deyilənə görə, həyat yoldaşının da bir qızı var və o, Rusiyada yaşayır. Lakin qadın övladı tərəfindən atılıb-atılmaması ilə bağlı heç nə demir: “Ana-bala arasında məhəbbət yoxdur. Ona görə də demişəm ki, unut, hər şeyi yaddan çıxart”.

Məşədibaba dayı ev işlərində həyat yoldaşına kömək etdiyini isə xüsusi vurğulayır: “Ailəli olmaq o demək deyil ki, hər şeyi qadın etməlidir. O mənə, mən ona kömək edib bir süfrə açır, onun arxasında otururuq. Həyat yoldaşına kömək edənin yolu cənnətdir”.

Qocalar evi
Qocalar evi

Qeyd edək ki, 2009-cu ildə inşa edilən və 2010-cu ildə istismara verilən bu binada yaşayan qoca, kimsəsiz sakinlərin şəraitləri gözəl olsa, nə qədər çalışsalar da, acılarını gözlərində gizlədə bilmirlər. Bizə sarılaraq övlad qoxusu almağa çalışırlar…

Bu anda zəng vurulur. Eynilə məktəblərdə tənəffüs üçün vurulan zəng… Bəlkə də hər dəfəsində acıları, kimsəsizliyi bir daha xatırladan zəng. Saat 13:00. Qocalar tələm-tələsik bir-birlərinin qollarına girərək, kimisi də təkbaşına nahar üçün bufetə düşürlər.

Zəminə nənə
Zəminə nənə

Bizim bu görüşümüz Ahıllar Gününə təsadüf etdiyi üçün onlarla birgə bufetə düşüb şənliklərində iştirak edirik. “Vaxtilə özüm övladlarımın əlindən tutub şənliklərə aparırdım, indi isə buradayam”, – deyə biri yaşlı ah-vay edir.

Bir anlıq özümüzü atılmış uşaqlar evində hiss edirik. Kiçiklər də yıxılıb-durur, büdrəyir, ağlayır, isti nəfəsə, qayğıya ehtiyac duyurlar. Böyüyüb, uşaq sahibi olub, onlar tərəfindən atılanlar, özləri uşaqlaşan qocalar da… Bir sözlə, bunun adı çarəsizlik…