Ədliyyə Nazirliyi Taleh Bağırzadənin həyat yoldaşı ilə bağlı məlumat yaydı

0
190

L.İsmayılzadə törətdiyi əməldən səmimi peşmanlığını bildirərək təqsirindən keçilməsini xahiş edib və bu əsaslarla cinayət təqibinə Baş Prokurorluğun razılığı ilə xitam verilib Ədliyyə Nazirliyi məhkum Taleh Bağırzadə ilə bağlı məlumat yayıb. Nazirlikdən bununla bağlı məlumat verilib.

Məlumatda qeyd olunur ki, Ədliyyə Nazirliyi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məhkum Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadənin cinayət məsuliyyətinə cəlb olunması barədə yayılan məlumatlarla bağlı açıqlama verməyi zəruri sayır: “L.İsmayılzadə övladları ilə birgə həyat yoldaşı məhkum T.Bağırzadə ilə görüşlərinin birində cəzaçəkmə müəssisələrində istifadəsi qadağan olunmuş mobil telefonu qanunsuz olaraq ərinə ötürməyə cəhd edib.

Faktla bağlı ibtidai istintaq aparılaraq onun əməlində cinayət tərkibinin olduğu müəyyən edilib, buna baxmayaraq bu əməlin böyük ictimai təhlükə törətmədiyi, himayəsində dörd azyaşlı uşağının olması, mövcud ailə vəziyyəti nəzərə alınaraq səmimi peşman olduğu halda, barəsində cinayət təqibinə xitam verilməsinin mümkünlüyü nəzərdən keçirilib.

Bununla əlaqədar istintaq prosedurlarına uyğun olaraq L.İsmayılzadənin törətdiyi əmələ münasibət bildirməsi və iş üzrə prosessual qərar qəbul olunması üçün ona iki vəkilinin iştirakı ilə Cinayət Məcəlləsinin 29, 317-1.1-ci (cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyanın ötürülməsinə cəhd) maddəsi ilə ittiham elan olunub.

L.İsmayılzadə törətdiyi əməldən səmimi peşmanlığını bildirərək təqsirindən keçilməsini xahiş edib və bu əsaslarla istintaq tərəfindən prosessual qaydalara uyğun olaraq onun barəsində humanist qərar qəbul olunaraq cinayət təqibinə Baş Prokurorluğun razılığı ilə xitam verilib.

Bununla əlaqədar bildirilir ki, L.İsmayılzadənin guya məhkəmə məsuliyyətinə verilməsi barədə mediada və sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqətə uyğun deyil və sensasiya xətrinə belə uydurma məlumatları yayanlar ictimaiyyəti çaşdırmaq, dövlət orqanlarının qanuni və ədalətli fəaliyyətinə kölgə salmaq məqsədi güdürlər”.