Əhali “meteo.az” saytı vasitəsilə Bakı üçün həftəlik hava proqnozunu əldə edə biləcək

0
782

Hava şəraitinin necə olacağı hamını maraqlandıran bir məlumatdır. Müasir dövrdə insanlar hava proqnozlarını dinləyib öz planlarına müəyyən düzəlişlər edirlər. Bu informasiyanın əhaliyə daha dolğun, operativ çatdırılmasının yollarından biri də sosial şəbəkələr və saytlardır. Saytlarda çox sayda müxtəlif xarici mənbələrə aid olan proqnozlar yayımlanır. Əhali bunların doğru, yalnış və rəsmi məlumat olub-olmadığını adətən araşdırmadan qəbul edir. Müxtəlif mənbələrdə eyni məkan və gün üçün olan fərqli məlumatlar onlarda çaşqınlıq yaradır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan meteo.az saytı həmin qeyri-müəyyənlikləri aradan qaldırmaqla əhaliyə bizim ölkəyə səfərlərini planlaşdıran insanlara daha dolğun, digər mənbələrdən fərqli olaraq ölkəmizin yerli şəraitini, relyefini, Xəzər dənizinin təsirini və digər amilləri nəzərə almaqla hazırlanan proqnozları əldə etmək imkanını verəcək.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva sentyabrın 25-də keçirilən mətbuat konfransında deyib.

Departament direktorunun sözlərinə görə, saytda faktiki hava şəraiti, Bakı üçün həftəlik hava proqnozu, ayrı-ayrı bölgələr üzrə hava məlumatları əldə etmək mümkündür: “Həmçinin gözlənilən əlverişsiz və təhlükəli hadisələr haqqında xəbərdarlıqlar açıq mətnlə yanaşı, dünya təcrübəsində geniş istifadə olunan rəngli şkalada əks etdiriləcək. Azərbaycanda meteoroloji müşahidələrin 100 ildən çox tarixə malik olduğunu nəzərə alaraq illər üzrə maraqlı rekord temperatur göstəriciləri təqdim olunacaq.

Sayt istifadəçilərinin müxtəlif maraq dairələrini nəzərə alaraq burada fermerlər üçün aqrometeoroloji şərhlər, meteohəssas insanlar üçün tibbi meteoroloji proqnoz və xəbərdarlıqlar, səyahətə çıxanlar üçün avtomobil yolları üzrə meteoməlumat, ilin isti mövsümündə çimərliklər, soyuq mövsümdə isə qış kurortları barədə məlumatları əldə edə bilərlər. Saytımızın digər özəlliyi bundadır ki, bəzi fiziki imkanları məhdud olan insanlar da nəzərə alınaraq onlar üçün səsli hava proqnozları təqdim ediləcək. Bununla yanaşı, hava-iqlim mövzusunda istər ölkəmizdə, istər dünyada baş verən proseslər və hadisələr işıqlandırılacaq. Məqsədimiz əhalinin hava məlumatı sahəsində marağını təmin etmək olduğu üçün istifadəçilər tərəfindən daxil olan arzu və təkliflər də nəzərə alınacaq”.