Sankt-Peterburqda illik Rusiya-Azərbaycan Gənclər Forumu başlayıb

0
426

Sankt-Peterburqda illik Rusiya-Azərbaycan Gənclər Forumu işə başlayıb.

Tədbir Rusiya Elm və Ali Təhsil Nazirliyi və Sankt-Peterburq Xarici Əlaqələr Komitəsinin, həmçinin Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Gənclər Təşkilatları Şurasının dəstəyi ilə “Rusiya Gənclər və Uşaq Assosiasiyalarının Milli Şurası” ictimai birliyi tərəfindən təşkil edilib.

Tədbirdə Rusiyanın respublika, federal, regional gənclər ictimai və tələbə təşkilatlarının nümayəndələri, gənclər hərəkatlarının liderləri, gənclər layihələrinin rəhbərləri, Rusiya və Azərbaycandan olan ekspertlər və qonaqlar, o cümlədən Azərbaycan Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Rusiya Elm və Ali Təhsil Nazirliyinin nümayəndələri iştirak edirlər. Foruma həmçinin Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov da qatılıb.

Forum çərçivəsində müxtəlif bölmələr, o cümlədən “Gənclərin yaradıcı inkişafı üçün beynəlxalq layihələr. Mədəniyyət və mədəniyyətlərarası dialoqun təşviqi”, “Gənclər üçün biznes. Sosial sahibkarlıq”, “Qeyri-rəsmi təhsil və gənc QHT-lərin bu istiqamətin inkişafındakı rolu”, “Davamlı inkişaf məqsədləri”, “Müasir media məkanı” üzrə işlər təşkil edilib. Bölmələrdə iştirak edənlər Rusiya-Azərbaycan gənclər əməkdaşlığının inkişafı üçün birgə təkliflər hazırlayacaqlar.

Forumda Sankt-Peterburqun gənclər mərkəzlərinə baş çəkiləcək, Sankt-Peterburqdakı Azərbaycan gənclər diasporunun nümayəndələri ilə görüş olacaq.