Meysəridə mey festivalı: Milyarder Əhmədov yenə hamını heyrətləndirməyi bacardı…

0
370

Azərbaycanda kənd təsərrüfatının  bir vaxtlar tamamilə tənəzzülə uğramış üzümçülük və şərabçılıq  sahəsi prezident İlham Əliyevin qeyri-neft iqtisadiyyatının inkişafı strategiyası əsasında yenidən dirçəlib. Nəinki dirçəlib, belə demək olar ki, bu sahə son illərdə qoyulan yatırımlar, müasir texnologyaların cəlb edilməsi, yeni emal müəssisələrinin açılması sayəsində sürətlə kənd təsərrüfatının aparıcı sektorlarından birinə çevrilməkdədir.
Bu günlərdə dərc etdiyimiz reportajda bəhs edildiyi kimi Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinə məşhur rusiyalı milyarder Fərhad Əhmədov da sanballı yatırımlar qoyub. Səhmləri F.Əhmədova məxsus olan “AzNar” QSC-nin törəmə müəssisəsi olan “Kənd” MMC tərəfindən İsmayıllı rayonu ərazisində uzunmüddətli icarəyə götürülmüş  1500 hektarlıq sahənin 300 hektarında üzüm bağları salınıb.
Və orada süfrə sortları ilə yanaşı texniki sortlar əkilib, artıq ikinci ildir ki, “Kənd” MMC-nin üzüm bağlarından məhsul yığılır və Göyçayda “AzNar” QSC-nin şərabçılıq sahəsində ən qabaqcıl texnologiyalara əsaslanan yeni zavodunda emal olunur, orada “Grante” brendi altında bir neçə növ yüksək keyfiyyətli şərab istehsal edilir.
Zavod ilk məhsulunu 2018-ci ilin payızında satışa çıxarıb. Virtualaz.org xəbər verir ki, elə avqustun 30-da Şamaxının Meysəri kəndində Azərbaycanda ilk dəfə təşkil olunan, iki gün davam edən üzüm və şərab festivalı da “Grante” şərablarının ilk dəfə geniş publikaya nümayiş etdirilməsi baxımından yaxşı fürsət idi.
Xəbər verildiyi kimi festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyinin, Şamaxı rayon İcra Hakimiyyətinin, “Regional İnkişaf” İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə “Şirvan şərabları” MMC-yə məxsus üzümçülük və şərabçılıq kompleksinin ərazisində keçirilirdi.
Xüsusi müxbirimiz Şamaxıdan xəbər verir ki, festivalın açılışında kənd təsərrüfatı naziri İnam Kərimov, rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov və digərləri çıxış ediblər.
Nazir İnam Kərimov deyib ki, Şamaxı Azərbaycanın aparıcı aqrar rayonlarından biri olmaqla yanaşı, həm də ölkə şərabçılığının, üzüm istehsalının paytaxtı kimi tanınır.
“Hazırda Azərbaycanda üzümçülük yenidən öz inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişafı ilə bağlı mühüm qərarlar, dövlət proqramları qəbul edilib. Aqrar sahənin digər istiqamətləri kimi, şərabçılığa da dövlət dəstəyi göstərilir, subsidiyalar, güzəştli kreditlər verilir. Hesab edirik ki, Azərbaycan bu sahədə ənənələrini qısa müddət ərzində bərpa edəcək və öz şöhrətini dünyaya bir daha tanıdacaq”,-nazir deyib.
Ötən gün avqustun 31-də festivala Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da baş çəkib, orada təşkil olunan stendlərlə tanış olub, üzüm və şərab istehsalçıları ilə söhbətləşib.
Əməkdaşımız xəbər verir ki, festivalda “AzNar” QSC-nin stendi də yerli və xarici qonaqların xüsusi diqqətinə, marağına səbəb olub. Çoxsaylı yerli və xarici qonaqlar, mütəxəssislər “Grante” şərablarından dadıblar və onun dadından, ətrindən, keyfiyyətindən məmnun qalıblar.
“Fərhad Əhmədovun xarakteri belədir. Nəsə istehsal etməyə qərar verdisə gərək ən yaxşısını. ən keyfiyyətlisini istehsal etsin, başqa cür ola bilməz”,-stendə baş çəkən festival iştirakçılarından biri “Grante” şərablarından dadaraq replika atır.
Elə bu vaxt  hamının dünyada şərab ölkəsi kimi tanıdığı, şərabları ilə məşhur olan  İtaliyanın Bakıdakı səfiri Auqusto Massarini də öz xanımı ilə birlikdə stendə yaxınlaşır. “Grante” şərablarından dadan səfir məhsulun dadından, keyfiyyətindən çox məmnun qalır. Əgər “AzNar” QSC italyan diplomatı da razı sala bildisə deməli “Grante” şərabları heç də İtaliya, yaxud Fransa şərablarından geri qalmır…
İtaliya səfiri “Grante” şərabından dadır…
“AzNar” QSC-nin şərab zavodunun aparıcı mütəxəssisi “Grante” şərablarının necə hazırlandığını, istehsal prosesini  izah edir.
Mütəxəssisin danışdıqlarından bəlli olur ki, “Grante” şərablarının yeni, limitləşdirilmiş istehsal xətti Göyçayda, təbii şirələri, kompotları ilə təkcə ölkə bazarında deyil, Azərbaycanın hüdudlarından kənarda da özünü təsdiq edə bilmiş “AzNar” holdinqinin nəzdində cəmi bir il əvvəl işə salınıb.
Holdinqin bir neçə il əvvəl İsmayıllıda saldığı üzüm bağları 2018-ci ildə ilk məhsulunu verib. Həmin vaxt artıq Göyçayda müəssisənin şərabçılıq kompleksində üzümün qəbulu bölməsinin, çənin və doldurma xəttinin montajı aparılırdı.
Müəssəsidə əvvəlcədən belə strateji qərar qəbul edilmişdi ki, ancaq yüksək keyfiyyətli şərab istehsal edilsin və xammalın əllə çeşidlənməsi metodu ilə zavoda ancaq yüksək keyfiyyətli üzüm qəbulu həyata keçirilsin.
Belə ki, platntasiyalardan üzüm zavoda ancaq həcmcə böyük olmayan xüsusi plastik yeşiklərdə, hərəsində 10-12 kiloqram olmaqla çatdırılır. Sonra seçmə üzüm xüsusi vibromasalarda (TMInox) iki mərhələdə yenidən çeşidlənir. Əvvəlcə ən yaxşı salxımlar seçilir və salxımlardakı yarpaqlar qoparılır, daha sonra isə üzüm gilələri xüsusi diqqətlə “Vaslin Bucher” şirkətinin istehsalı olan “Delta Oscillys” qurğusunda salxımdan ayrılır.
Beləliklə, emala ancaq sağlam, yetişmiş, çürüyü və digər zədələri olmayan giləmeyvələr daxil olur. Daha sonra ağ üzümün gilməmeyvələri soyuq maserasiya prosesindən keçir. Bu, gələcəkdə eleqant şərab süzmək üçün ən keyfiyyətli üzüm şirəsi əldə etməyə imkan verən çox vacib prosesdir. Maserasiya prosesindən sonra giləmeyvələr İtaliyanın “Della Toffolla” şirkətinin istehsalı olan innovativ presləyici qurğuda preslənir. Bu qurğu üzümün çəyirdəyini əzmədən və doğramadan yüksək keyfiyyətli şirə əldə etməyə imkan verir.
Beləliklə, “Şardonye” üzümünün şirəsi-olduqca dadlı, unikal ətrə malik olan nektar meydana gəlir. Həmin nektar isə zavodda “Grante” istehsal xəttinin fəxri olan ağ “Şardonye” şərablarına çevrilir.
Qırmızı “Grante” şərablarının emalı da bu yolla aparılır, amma əsas fərq bundan ibarətdir ki, giləmeyvələr salxımdan ayrılan kimi dərhal fermentləyici sisternə daxil olur. “Grante” şərablarının istehsalının ən mühüm detalı yüksək sinif markadan olan paslanmayan poladdan hazırlanmış çənin formasıdır. Hansı ki, bu çən gələcək şərabın təhlükəsizliyinin və keyfiyyətinin təminatıdır.
“Grante” şərablarının buraxıldığı zavodun çənləri kəsik konus formasındadır, bu da öz növbəsində üzümün yüksək keyfiyyətli qırmızı şəraba çevrilməsi prosesinin hamar, bərabərölçülü getməsinə imkan verir. Hasil edilən şirə sonrakı mərhələdə dünya şərabçıları arasında populyarlığı getdikcə artan Rusiya palıdından hazırlanmış çəlləyə daxil olur. Məhz həmin çəlləklərdə “Kaberne Savinyon” və yerli aborigen növ olan “Mədrəsə” üzümündən orijinal qırmızı şərab meydana gəlir.
“Grante” istehsal xəttində cəmi altı növ şərab buraxılır: ağ, turş “Şardonye”, meyvələrlə və desertlə dadmaq üçün ideal uyğunluq təşkil edən çəhrayı “Rose” şərabı, “Kaberne Savinyon” və “Mədrəsə” adlı iki növ qırmızı şərab.
“AzNar”-ın baş direktoru Teymur Əhmədov
Lakin zavod təkcə üzüm şərabları istehsal etmir, əminliklə demək olar ki, nar şərablarının istehsalında da uğurlu debüt edib. Burada Göyçayın simvolu olan, meyvələrin şahı sayılan nardan kəmşirin və şirin şərablar hazırlanır. Xüsusən də Göyçay narından hazırlanan desert şərab özünün unikal dadı, ətri ilə qurmanlar tərəfindən bəyənilməkdədir.
Bu da hələ hamısı deyil. “AzNar” Meysəri festivalına iştirakçıları, qonaqları müsbət mənada təəcübləndirən daha bir məhsul çıxarmışdı. Bu daha sərt alkaqollu içkilərə üstünlük verənlər üçün unikal nar arağı idi. Şirkətin nümayəndəsi izah edir ki, bu araq Gpyçay narının spirtindən ikiqat distillə yolu ilə və baldan süzülməklə hasil edilir, arağın hazırlanmasında təmiz bulaq suyundan istifadə olunur. Beləliklə, festival şəraba həsr edilsə də “AzNar”ın nar arağı da tədbirdə əks-səda yarada bildi.
Əlbətdə, üzümçülüyün və şərabçılığın uzunmüddətli inkişafı ixrac qabiliyyətli məhsul istehsalına nail olmadan mümkün deyil. “AzNar” QSC də məhz bu strategiyanı seçib və istehsal etdiyi “Grante” şərablarının daxili bazarla yanaşı xarici bazarlarda da rəqabətə davam gətirəcəyinə, tezliklə populyarlaşacağına əmindir. Və bu da “Made in Azerbaijan” brendinin dünyada tanıdılmasına öz təhfəsini verəcək. (virtualaz.org)