Mazda ilk elektrokarını gələn ay nümayiş etdirəcək

0
118

Getdikcə sərtləşən ekoloji normalar avtomobil istehsalçılarını benzin və dizel mühərriklərinə altenativlər axtarmağa məcbur edir. Bu minvalla, yaxın gələcəkdə, daxili yanma mühərrikləri opsional avadanlığa belə çevrilə bilərlər.

Mazda şirkəti isə, artıq ilk elektrokarını hazırlayıb və gələn ayın sonunda qapılarını ziyarətçilərin üzünə açacaq Tokyo avtosalonunda nümayiş etdirmək fikrindədir. “Automotive News” nəşrinin yazdığına görə, elektrokar 35,5 kVs-lıq batareyaya, həmçinin 142 at qüvvəsi və 264 Nm fırlanma anı hasil edən elektromotora sahib olacaqdır. Bu göstəriciləri nəzərə alsaq, yaponların yığcam ölçülərə malik olan şəhər elektromobili hazırladığını təxmin etmək olar. Yeni model ilkin olaraq Yaponiyada, sonra isə Avropa və Çində satılacaqdır.

Bununla belə, yaponlar avtomobilin xarakteristikalarını əhəmiyyətli dövlət sirri kimi qoruyurlar. Hazırda elektrokarın transmissiyası CX-30 modelində sınaqdan keçirilsə də, bu ilk elektrokarın krossover olacağına dəlalət etmir. Yaponlar avtosalonda nümayiş etdirəcəkləri avtomobilin “tamamilə yeni model” olacağını iddia edirlər.

Mazda elektrokarının yapon markasının özünün hazırladığı arxitekturada inşa edildiyi söylənilir. Mazda bu sahədə Toyota ilə əməkdaşlıq etsə də, ilk elektromobili özü hazırlamaq niyyətidədir. Elektrokardan əlavə, Mazda rotor mühərrikinin əsasında yaradılmış hibrid qurğuya malik olan qoşulan hibridləri də buraxmaq niyyətindədir. Yapon markası ekologiya məsələlərinə böyük üstünlük verdiyini bildirərək, ətraf mühitə atılan tullantıların səviyyəsini 2030-cu ilə qədər 30%, 2050-ci ilə qədər 90% azaltmağı planlaşdırır.

Yapon markasının bu xeyirxah niyyətini biz də alqışlayırıq. Bu gün insanlıq qarşısında duran əsas məsələ planetimizi bu bəladan xilas etməkdir.