Hacıyevanın bahalı maşınlarına niyə həbs qoyuldu?

0
161


Nəsimi Rayon Məhkəməsi sabiq deputat Gültəkin Hacıbəyli ilə keçmiş qayınanası Nəhayət Məmmədova arasında 6 ildir davam edən 50 min dollarlıq borc mübahisəsi ilə bağlı qərar verib. Qərara əsasən, Gültəkin Hacıbəyli keçmiş qayınanasına 85 min manat ödəməlidir. Həmçinin, Nəhayət Məmmədovanın şikayəti əsasında Gültəkin Hacıbəyliyə məxsus “Leksus LX 570” və “Toyota Avalon” markalı iki bahalı avtomobilinə, eləcə də deputatlığı müddətində ona verilən mənzilinə həbs qoyulub.

Bu məsələdə həm mənəvi, həm də maddi zərbə alan G.Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev müsahibə verib. Sözügedən müsahibəni təqdim edirik:
– Mahmud bəy, Gültəkin Hacıbəyli ilə ananız Nəhayət Məmmədova arasında 6 ildir davam edən 50 min dollarlıq borc mübahisəsi ilə bağlı dünən qərar verildi. Bu barədə danışmağınızı istərdik…– 50 min dolları bizə Gültəkinə deputat kimi hədiyyə verilən evin təmiri üçün anam vermişdi. Sonra da biz o pulu anama qaytaracaqdıq. Məhkəmədə evi təmir edən ustalar da gəlib izahat veriblər. O ustalar bizim evləri dəfələrlə təmir etmiş insanlar idi. Məhkəmədə onlar da gəlib təsdiqlədilər ki, onlara biz pul vermişik. Mən özüm ustalarla birgə gedib o pula təmir üçün lazım olan hər şeyi alıb, Gültəkinə evlilik müddətimizdə verilən evi təmir etmişik. Ustalar dəqiqliklə hansı materialdan nə qədər alınmalı olduğunu özləri deyirdi. Evin təmiri başa çatandan sonra Gültəkin oranı hansısa xarici şirkətin nümayəndəsinə kirayəyə verdi. Biz o evdə yaşamamışıq. Bilirəm ki, indi də Gültəkin o evdə yaşamır. Kimlərin orda kirayə qaldığını isə bilmirəm.– Ananızın şikayəti əsasında Gültəkin Hacıbəyliyə məxsus “Leksus LX 570” və “Toyota Avalon” markalı iki bahalı avtomobilinə də həbs qoyulub. Bu əmlaklar onun sizinlə evlilik müddətində aldıqlarıdırmı?
– Biz evli olanda Gültəkinin başqa avtomobili var idi. Mənzil isə bizim birgə nikahda olduğumuz müddətdə ona deputat olduğu üçün verilən və mənim anamın verdiyi pulla təmir edilən evdir. Hazırda həbs qoyulan avtomobillər Gültəkinin sonradan əldə etdiyi maşınlardır. Ancaq onu da qeyd edim ki, o avtomobilləri deputat olduğu müddətdə almışdı.
– Gültəkin Hacıbəyli ilə uzun müddət oğlunuzla bağlı da problemlər yaşamışınız. Hər açıqlamasında bildirir ki, siz oğlunuzu görməkdə maraqlı olmamısınız.
– 2013-cü ildə oğlumla görüşməklə bağlı məhkəmə qətnamə çıxardı və görüşməyimlə əlaqədar vaxtı uzatdı. 2007-ci ildə görüşlə bağlı qətnamə var idi. Ancaq Gültəkin oğlumla görüşümüzə imkan vermirdi. Bu səbəbdən 2013-cü ildə yenidən bununla bağlı məhkəməyə müraciət etdim və bu reallaşdı. Mən də əlavə görüş vaxtının artırılması ilə bağlı məhkəməyə iddia verdim və bununla da görüş vaxtı artırıldı. Çünki o vaxt oğlumla görüş həftədə bir dəfə təyin edilmişdi. Müraciətimdən sonra 3 dəfəyə qədər qaldırıldı. Ancaq bu görüşlərdə əvvəllər uşaq özünü normal aparırdı, münasibətimiz də normal idi. Sonradan anasının təsiri altında qeyri-adi rəftar etməyə başladı. Qışqırırdı, söyürdü, başını divara vururdu. “Səni istəmirəm”, “gəlmə”, “görüşmək istəmirəm səninlə” deyirdi. Mən bu görüşlərin uşağa xeyiri olmadığını görüb məcbur qalıb görüşmədim. Gültəkin də bunu əlində əsas tutaraq məlumat verdi ki, guya mən özüm ərizə yazaraq işim çox olduğu üçün uşaqla görüşlərdən imtina etmişəm. Hətta ərizənin şəklini də yaymışdı. Ancaq mən uşağın mənafeyindən çıxış edərək onu yazmağa məcbur olmuşdum. Çünki görüşlər zamanı görürdüm ki, uşaq ananın təsiri altında olduğu üçün heç bir səbəbsiz qışqırır, məni istəmir. Bunun ona daha da pis təsir edəcəyini düşünərək belə addım atmışdım. Mən yaza bilməzdim ki, uşağım ananın təsiri altında olduğuna görə özünü dəliliyə qoyub deyə, mən onunla görüşdən imtina edirəm.
– Oğlunuzla olan münasibətinizi yaxşılaşdırmaq üçün nə isə etmək fikriniz varmı? Qeyd etdiniz ki, anasının təsiri altında uşaq özünü qəribə aparır. Sizcə, uşağınız təhlükə altında ola bilər?
– 2015-ci ildə 10 yaşı var idi və ananın təsiri altında olurdu. Bu səbəbdən də məni dinləmək istəmirdi, dinləyə bilmirdi. Ancaq indi o, bir yetkin insandır. Onunla görüşüb hər şeyi izah edə bilsəm, düşünürəm ki, məni başa düşər. Dərslərin açılmasını gözləyirdim ki, onunla görüşə bilim. Mən bir dəfə oğlumla danışmağa cəhd göstərmişdim. Gültəkin bununla bağlı şikayət etmişdi ki, mən zəng edərək onu öldürməklə hədələyirəm. Onun şər-xəta, böhtançı biri olduğuna görə nə isə addım atmağa ehtiyat edirəm.