Ermənistanda tələbələr də etiraz aksiyalarına başlayıblar

0
152

Ermənistan İqtisad Universitetinin tələbələri auditoriyalara girməkdən imtina edərək etiraz aksiyalarına başlayıblar. Universitetin qarşısına toplaşan tələbələr təhsildə mövcud olan rüşvətə və korrupsiyaya etirazlarını bildiriblər.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, tələbələrin aksiyasına universitetin müəllimləri də qoşulublar. Etirazçılar ali təhsil ocağında baş verən neqativ halların tez bir zamanda aradan qaldırılmasını tələb ediblər.

Aksiya iştirakçıları universitet binasından hökumət evinə doğru yürüş ediblər. Narazı kütlə universitetin rektoru Ruben Arembekyanın Nikol Paşinyanın göstərişi ilə istefasına da etiraz edib. Ali məktəbin müəllim kollektivi təhsil naziri Areik Artunyana ünvanlandığı məktubda bildirib ki, rektor əvəzi Tiana Kalakenyanın elmi işlərində plagiatlıq aşkar olunub. Bundan başqa, tələbələr universitetə xeyli vəsait ödədikləri üçün keyfiyyətli təhsil verilməsini tələb ediblər.

Erməni mətbuatı yazır ki, ölkədəki orta məktəblərdə də vəziyyət acınacaqlıdır. Yerevandakı 118 orta məktəbdən 6-sı şagird çatışmazlığından bağlanıb. Faktı Ermənistanın təhsil naziri Areik Artunyan da təsdiqləyib. Nazir 1-ci sinfə gedən şagirdlərin sayının əvvəlki illərlə müqayisədə 30-35 faiz azaldığını bildirib.