Dollar ucuzlaşacaq – Ekspert səbəbi açıqladı

0
176

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin uçot dərəcələrinin 2 faizə qədər endirməsi mövcud tələblə əlaqədardır.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Elşən Bağırzadə ABŞ-ın Federal Ehtiyatlar Sisteminin bu il ikinci dəfə faiz dərəcəsini endirməsi ilə bağlı qərarını şərh edərkən deyib. O, ABŞ Prezidenti Donald Trampın sözügedən qərardan narazı qalmasının səbəblərini də açıqlayıb:
“ABŞ 2000-ci illərin əvvəllərində genişləndirilmiş pul siyasəti həyata keçirir və bunun nəticəsində ABŞ-ın dünya iqtisadiyyatında rolu əhəmiyyətli dərəcədə artıb. Bu, həm də dünya iqtiadiyyatı, xüsusilə inkişaf etmiş ölkələr üçün çox faydalı oldu. Genişləndirilmiş və daraldıcı pul siyasəti heç vaxt fasiləsiz, daimi ola bilmir. Müəyyən müddət genişləndirici pul siyasəti həyata keçiriləndən sonra növbəti mərhələdə daraldıcı pul siyasəti həyata keçirilməlidir. Yəni iqtisadiyyatda doyum həddi var.
Hakimiyyətə gələndən sonra Trampın mövcud qurumlar arasında həyata keçirdiyi siyasətdə ziddiyət var. Bu qurumlardan biri də FES-lə bağlıdır. FES ABŞ-da müstəqil qurumdur və ona hökumətin müdaxiləsi qanunvericiliklə qadağandır.
Tramp Çinə qarşı ticarət müharibəsi həyata keçirir. Onun xarici ticarətlə bağlı bəlli hədəfləri var və bu hədəflərin reallaşdırılması üçün FES-ə təzyiq edir. Amma düşünürəm ki, Trampın FES-ə təzyiqləri o qədər əhəmiyyətli olmayıb. Uzun müddətdir bahalı pul siyasəti həyata keçirən FES indi yenidən ucuz pul siyasətinə doğru hərəkət edir. Faiz dərəclərinin endirilməsinin əsas səbəbi budur.
Fikrimcə, bu, hazırkı şəraitdə ABŞ iqtisadiyyatı üçün daha faydalı olan bir yoldur. Bu siyasətdən geri addım atılacağını düşünmürəm”.
İqtisadçının sözlərinə görə, FES-in uçot dərəcələrini endirməsindən sonra dollar dünya bazarında ucuzlaşa bilər:
”Bu qərardan sonra heç şübhəsiz ki, faiz dərəcələrinin aşağı düşməsi ABŞ iqtisadiyyatına dollar şəklində qoyulan investisiyaların digər ölkələrə yönəlməsinə gətirib çıxara bilər. Bu da dolların avro qarşısında müəyyən qədər ucuzlaşmasına səbəb ola bilər. Amma bu, çox böyük bir dəyişikliklə nəticələnməyəcək. Çünki endirilmə faizi əslində çox böyük deyil. Bu proses tədricən baş verir. Heç şübhəsiz ki, hər endirilən faiz dərəcəsi ABŞ dollarının dünya bazarındakı dəyərinə təsir göstərir. Sözügedən qərar həm də ABŞ-ın ixracatına müsbət təsir göstərir. Düşünürəm ki, faiz dərəcələrinin endirilməsi ABŞ ixracatına müsbət təsir göstərirsə, dolların o qədər də dəyərdən düşməsindən söhbət gedə bilməz”.