Bakıdakı yanğında bir ailə yanıb – Vəziyyətləri ağırdır – YENİLƏNİB

0
136

Bakının Səbail rayonunda yaşayış binasında baş verən yanğının səbəbi məlum olub.

Səbail Rayon Polis İdarəsindən oxu.az-a verilən məlumata görə, sentyabrın 3-ü saat təqribən 23:30-da Nizami küçəsi, 32, mənzil 64A ünvanında qeydə alınan hadisə qaz sızması nəticəsində olub. Yanğından əvvəl partlayış baş verib.

Nəticədə bir ailənin üç üzvü müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib.

Xəsarət alanlar ev sahibi 1957-ci il təvəllüdlü Xubanov Sabir Amid oğlu, həyat yoldaşı 1960-cı il təvəllüdlü Xubanova Zibeydə Süleyman qızı və oğlu 1982-ci il təvəllüdlü Anar Xubanovdur.

Zərərçəkənlərin vəziyyətinin ağır olduğu bildirilir.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin yaydığı məlumatda Nizami küçəsində baş verən yanğınla bağlı təcili yardıma müraciət edənin olmadığı bildirilib. Qeyd edilib ki, hadisə yerinə cəlb olunan təcili yardım briqadasına nevrotik reaksiya diaqnozu ilə 1 kişi və 2 qadın yaxınlaşıb. Müraciət edənlərə yerində yardım göstərilib.

———-
09:34

Fövqəladə Hallar Nazirliyi (FHN) Nizami küçəsində baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən verilən məlumata görə, üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin dəhlizinin atma taxtaları 10 m² sahədə və ümumi sahəsi 140 m² olan üç mənzilin yanar konstruksiyaları 55 m² sahədə yanıb.

Yanğın zamanı Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 18 nəfər bina sakini təxliyə olunub. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı 3 bina sakini müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, onlara əraziyə cəlb olunan Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası tərəfindən ilkin yardım göstərilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

———-
09:12

Səbail rayonu Nizami küçəsində gecə saatlarında baş verən yanğın zamanı 3 nəfər təcili yardıma müraciət edib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə yerinə gələn təcili tibbi yardım briqadasına hər hansı bir yanıq xəsarəti ilə müraciət edən olmayıb: “Təcili yardım briqadasına nevrotik reaksiya diaqnozu ilə 1 kişi və 2 qadın yaxınlaşıb. Müraciət edənlərə yerində yardım göstərilib”.

Xatırladaq ki, ötən gün gecə saatlarında Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.