“Azərbaycan Dəmir Yolları” könüllülər üçün təcrübə proqramı elan edib

0
223

“Azərbaycan Dəmir Yolları” QSC könüllülər üçün təcrübə proqramı elan edib.

QSC-nin mətbuat katibliyindən bildirilib ki, proqram çərçivəsində xidməti müqavilə ilə cəlb ediləcək gənclərdən heç bir ixtisas və iş təcrübəsi tələb edilmir. Proqramda bütün ali məktəblərin bakalavr pilləsində təhsil alan gənclər iştirak edə bilərlər. Təcrübəçilərə aylıq 150 AZN xidmət haqqı ödəniləcək.

Onlar işə başlamazdan əvvəl adaptasiya təlimi, fərdi inkişaf təlimləri (müsahibə bacarıqları təlimi, korporativ işgüzar münasibətlər təlimi, vaxtın idarə olunması, konfliktlərlə iş, stressin idarə olunması), SƏMTTE (Sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya) və fəaliyyət göstərəcəkləri sahə üzrə təlimlərə cəlb olunacaq. Proqramda 17-27 yaş aralığında olan fəal gənclərə üstünlük verilir. Gənclər qeyri-dərs vaxtlarında stansiya daxilində və xaricində xidmət göstərəcək.

Təcrübəçilərdən gözlənilən xidmətlər dəmir yolu vağzalında vətəndaşların qarşılanması, elektron lövhələrdən istifadə olunmasında, tablet və ya telefon vasitəsilə yaxınlaşan sərnişinlərə onlayn bilet almaqda köməkliyin göstərilməsi və ya kassalara yönləndirilməsi, sərnişinlərdən gələn irad və təkliflərin dinlənilməsi, müvafiq qaydada qeydlərin aparılması, “Azərbaycan Dəmir Yolları” ilə əlaqədar müxtəlif sosial monitorinqlərin aparılması, növbələrin təşkili, qatarlarda və vağzallarda sorğuların keçirilməsidir.

Proqramın müddəti 3 aydır. Həmin müddəti bitirən təcrübəçilərə təşəkkürnamə və xüsusi seçilən təcrübəçilərə fərqlənmə sertifikatı veriləcək. Müraciətlər bu il oktyabrın 7-dək qəbul olunacaq. Proqrama qoşulmaq istəyən tələbələr “Azərbaycan Dəmir Yolları” QSC-nin “Vakansiyalar” bölməsində “Təcrübəçi” vakansiyası üzrə müraciət edə bilərlər.