ADU-nun rektoru: Tələbələrlə görüşlər onların fikirlərini dinləmək məqsədilə təşkil olunur

0
167

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla 2019-2020-ci tədris ilində bu ali məktəbin Tərcümə fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə görüşüb.

Görüşdə, prorektorlar, dekanlar, kafedra müdirləri, o cümlədən professor-müəllim heyəti iştirak edib.

ADU-dan bildirilib ki, görüşdə çıxış edən Kamal Abdulla görüşlərin tələbələrin qeydlərini, iradlarını, fikirlərini dinləmək məqsədilə təşkil olunduğunu deyib. Rektor bu növ görüşlərin bütün fakültələr üzrə təhsil alan tələbələrlə keçirildiyini və səmərəli nəticələr verdiyini qeyd edib.

Ali təhsil ocağının rəhbəri tələbələr üçün yaradılan şəraitdən, keçirilən tədbirlər, seminarlar, layihələr, təşkil olunan dərnək və klublardan, fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri, kitabxanalardan bəhs edib.

Elm və innovasiya məsələləri üzrə prorektor, professor Sevinc Zeynalova tələbələrin təhsillərini uğurla başa vurmalarını arzulayıb. O, tələbələrə yaxşı mütəxəssis olmaqla yanaşı, dəyərli vətəndaş olmalarını tövsiyə edib.

Rektorun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev tələbəlik illərinin ən yüksək mərhələ olduğunu deyib. O, universitet həyatının gənclərin sonrakı inkişaf dövrünün bünövrəsi olduğunu söyləyib. ADU-nun şərəfli yol keçdiyini deyən Ə.Əliyev universitet məzunlarının ölkənin idarəetmə sistemində yüksək mövqe tutan şəxslər olduğunu söyləyib.

Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov ADU-da tələbəyönümlü təhsilin mövcudluğundan danışıb, tələbələrin valideyn, dost və müəllim kimi qayğılarına qalacaqlarını bildirib.

Tərcümə fakültəsinin dekanı, dosent Bənövşə Məmmədova və Xarici dillər kafedrasının müdiri, dosent Tamilla Əmirova tələbələri təbrik edib, növbəti illərdə də yaxşı nəticə göstərəcəklərinə inandıqlarını bildiriblər.

Görüşdə ADU-da yeni yaradılmış Yaradıcılıq fakültəsinin tələbələri də iştirak ediblər.