Əflatun Amaşova vəzifə verildi

0
410

Sentyabrın 12-13-də Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilib.
Mətbuat Şurasından verilən məlumata görə, toplantını giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov tədbirin iştirakçısı olan yerli və xarici nümayəndələri salamlayıb. Ümumdünya Mətbuat Şuraları Assosiasiyası (WAPC) barədə məlumat verən Ə.Amaşov bildirib ki, qurum 1992-ci ildə söz və ifadə azadlığı ilə bağlı məsələlərə önəm vermək, jurnalist peşəkarlığının forma və xüsusiyyətlərini təhlil etmək, mövcud istiqamətdəki standartların tədbiqinə dəstək olmaq məqsədilə yaradılıb. Assosiasiya ötən müddətdə mühüm fəaliyyət yolu keçib, medianın özünütənzimləmə orqanlarının ali strukturu kimi populyarlaşıb. Bunu təmin edən cəhət təşkilatın kütləvi informasiya vasitələrinin müstəqilliklərinin qorunmasına böyük önəm verməsidir. Belə dəst-xətt üzv ölkələrdə vətəndaş cəmiyyətinin inkişafına, hüquqi dövlət quruculuğu prosesinin dərinləşməsinə dəstəkdir, müxtəlif siyasi quruluşlara malik ölkələrdə plüralist fikrin inkişafına layiqli töhfədir: “Assosiasiya tərkibində Avropanın və Asiyanın nüfuzlu media strukturlarını birləşdirməkdədir. Azərbaycan Mətbuat Şurası 2005-ci ildən onun üzvüdür. Təşkilata üzvlük Azərbaycan Mətbuat Şurasının beynəlxalq əlaqələrinin qurulmasında və inkişafında mühüm rol oynayıb. Şura hazırda Avropa Mətbuat Şuraları Alyansında təmsil olunur, dünyanın müxtəlif beynəlxalq media qurumları ilə əməkdaşlığa, həmçinin Avropa Şurası, BMT kimi nüfuzlu qurumlarla sıx təmaslara malikdir. Azərbaycan Mətbuat Şurası bu təşkilatların media ilə bağlı layihələrində mühüm tərəfdaş qismində çıxış edir”, – deyə Ə.Amaşov vurğulayıb.
MŞ sədri bildirib ki, Azərbaycanın müstəqilliyinin ötən 28 ilinə nəzər yetirərkən həyatın bir çox sahələrində olduğu kimi, media sahəsində də uğurların əldə edildiyini görmək mümkündür. “Mən ilk növbədə 1998-ci ildə senzuranın aradan qaldırılmasını qeyd etmək istərdim. Senzuranın ləğvi həm qanunvericilik bazasının təkmilləşməsi baxımından, həm də mənəvi və siyasi cəhətdən mühüm addım idi. Nəzərə alaq ki, 70 illik Sovet Hakimiyyəti dövründə, hətta ondan öncə də Azərbaycan mətbuatı senzura şəraitində fəaliyyət göstərib. 2001-ci ildə Azərbaycanda Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Bu isə mətbuat üzərindən dövlət nəzarətinin tamamilə aradan qaldırılması, medianın tam müstəqilləşməsi demək idi. Müstəqil Azərbaycan mediasını təmsil edən jurnalistlər 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayını keçirərək Mətbuat Şurasını yaratdılar”, – deyən Ə.Amaşov Azərbaycanda media orqanları ilə bağlı statistik göstəriciləri diqqətə çatdırıb. O, həmçinin vurğulayıb ki, informasiya texnologiyalarının sürətli inkişafı medianın internet üzərindən yayımının genişlənməsinə böyük təsir göstərib. Azərbaycanda internetin yayım surətinin və keyfiyyətinin artırılmasına ciddi önəm verildiyini deyən MŞ sədri diqqəti Azərbaycan əhalisinin 3 milyonunun sosial şəbəkə istifadəçisi olması faktına çəkib.
Ə.Amaşov bildirib ki, Azərbaycan Mətbuat Şurası şikayətlərin araşdırılmasında “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na istinad edir. Şura KİV-lərlə bağlı problemlərin aradan qaldırılmasında etik kodeksə əsaslanır. Cəmiyyət üzvlərinin şikayətinə səbəb olmuş KİV materiallarında qanunvericiliyin pozulması halları da nəzərə alınır. Bununla əlaqədar cavabdeh KİV-ə xəbərdarlıqlar ünvanlanır, tövsiyələr verilir. “Qərblə Şərqin qovuşduğu coğrafi məkanda yerləşən Azərbaycan millətlərarası dözümlülük, tolerantlıq məkanıdır. Ölkəmizdə hər millətdən olan xalqlar, etnik qruplar sülh və mehribanlıq şəraitində yaşamaqdadırlar. Bu mühitin formalaşması ölkədə aparılan dövlət siyasətinin hədəfidir. Sevindirici haldır ki, Azərbaycan mediası həm bu siyasətin həyata keçirilməsində, həm də medianın bu baxımdan prioritet olan prinsiplərinin qorunmasında nümunəvi missiya yerinə yetirməkdədir”, – deyə Ə.Amaşov əlavə edib.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə Dünya Mətbuat Şuraları Assosiasiyasının Bakı toplantısının iştirakçılarını Prezident İlham Əliyev adından salamlayıb. O bildirib ki, Azərbaycan milli mətbuatı və digər kütləvi informasiya vasitələri yüz ildən artıq tarix çərçivəsində müxtəlif inkişaf mərhələlərini keçərək ictimai həyatın ayrılmaz tərkib hissəsinə və vətəndaş cəmiyyətinin hərəkətverici qüvvələrindən birinə çevrilib. Azərbaycan Respublikasının Konstitusiyasında fikir və söz azadlığının əsas insan hüquqları sırasında öz əksini tapdığını vurğulayan Ə.Həsənov bunun KİV-in inkişafında yeni tarixi mərhələnin başlanğıcı olduğunu vurğulayıb: “Prezident Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı Fərmanla KİV üzərində senzuranın ləğv edilməsi, kənar təsir olmadan özünütənzimləyən azad medianın yaradılması üçün ölkəmizdə geniş perspektivlər açıldı. Sonrakı dövrdə kütləvi informasiya vasitələri, informasiyanın əldə olunması, milli teleradio yayımı, ictimai televiziya, informasiya azadlığı və digər sahələrlə bağlı yeni qanunların qəbul olunması KİV-in inkişafını təmin edən zəruri qanunvericilik bazası kimi çıxış etdi”.
Prezidentin köməkçisi bildirib ki, ötən 25 ildə ölkəmizdə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlar atılıb. O, medianın inkişafına mühüm təsir göstərən əsas addımlardan birinin 2008-ci il iyulun 31-də Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın olduğunu deyib və əlavə edib ki, bu sənədə əsasən 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılıb. Fond hazırda KİV layihələrinin maliyyələşdirilməsini həyata keçirir. “Bundan başqa Azərbaycan Prezidentinin sərəncamları ilə jurnalistlər üçün çoxmənzilli iki yaşayış binası tikilib istifadəyə verilib, üçüncünün tikintisi isə hazırda davam edir. 2000-ci ildən Azərbaycan milli mətbuatının yubileyləri mütəmadi olaraq dövlət səviyyəsində qeyd olunur. 2005-ci, 2010-cu, 2015-ci və 2016-cı illərdə yüzlərlə jurnalist fəxri ad və dövlət mükafatları ilə təltif olunub. Bütün bunlar ölkənin informasiya tələbatının tam ödənilməsi üçün KİV-in fəaliyyətinə böyük stimul verib. Hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş KİV-lərin ümumi sayı 5000-dən çoxdur. KİV-lərin kəmiyyət göstəricilərinə görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Ölkədə 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri nəşr olunur. 300-ə yaxın xəbər və analitik internet saytı, 20-yə yaxın informasiya agentliyi, rayonlarda və bölgələrdə isə 100-ə yaxın KİV fəaliyyət göstərir. Ölkəmizdə 11 ümumrespublika, 4 peyk, 17 kabel, 25 internet televiziyası və 13 regional televiziya, 14 radio fəaliyyətdədir. 2005-ci ildə Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilib və hazırda uğurla fəaliyyət göstərir. Bu gün Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydə alınıb, 30-dək təşkilat söz və məlumat azadlığının, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, cəmiyyətlə media arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə fəal məşğul olur. Mətbuat yayımını həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı 23-ə çatıb”, – deyə Ə.Həsənov vurğulayıb.
Ə.Həsənov çıxışında Azərbaycanda internet və sosial şəbəkələrin fəaliyyəti haqqında da məlumat verib. O bildirib ki, hazırda ölkəmizdə internet istifadəçilərinin sayı ümumi əhalinin 80 faizindən çoxdur və bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında birinci sıralarda bərqərar olub. Azərbaycanda azad sözə və fikrə dövlət səviyyəsində yüksək əhəmiyyət verilməsinin nəticəsidir ki, transmilli media qurumlarının ölkə ərazisində verilişlərinin yayılmasında heç bir məhdudiyyət yoxdur, eyni zamanda, vətəndaşların “Facebook”, “Twitter”, “Youtube”, “İnstaqram” kimi sosial şəbəkələrə sərbəst çıxışı təmin edilib. Ölkədə sosial şəbəkə istifadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır ki, bu da cəmi 10 milyon əhalisi olan Azərbaycan üçün çox böyük göstəricidir. Sosial şəbəkələrin meydana gəlməsi bir tərəfdən söz və öz fikrini ifadə etmək azadlığının təmin olunmasında yeni perspektivlər açır. Digər tərəfdən, sosial şəbəkələrlə insan hüquqları arasındakı qarşılıqlı təsir bəzən xoşagəlməz vəziyyət yaradır.
Əli Həsənov onu da bildirib ki, Azərbaycan dövləti Azərbaycan Mətbuat Şurasına tərəfdaş kimi yanaşır. “Ölkə jurnalistlərinin ictimai maraqlarının yeganə təminatçısı kimi çıxış edən bu qurum uğurlu fəaliyyət göstərir və bugünkü möhtəşəm toplantı da bunun əyani sübutudur. Dünya ölkələrini təmsil edən əksər Mətbuat Şuralarını Bakıya toplamaq və milli-transmilli jurnalistikanın, azad medianın problem və uğurlarını müzakirə etmək bacarığı bunun göstəricisidir”, – deyə o, fikrinə aydınlıq gətirib.
Konfransda açılışı nitqi ilə BMT-nin Azərbaycan nümayəndəliyi adından qurumun Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad Hüseynov, habelə Avropa Şurasının Bakı ofisi adından qurumun nümayəndəsi Pərvanə Bayramova çıxış edərək təmsil olunduqları təşkilatların media sahəsində həyata keçirdikləri layihələrdən söz açıblar. Onlar Azərbaycan Mətbuat Şurası ilə sıx əməkdaşlığın faydalı tərəflərinə diqqət çəkib, Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının Bakı toplantısının işinə uğurlar arzulayıblar.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, qardaş ölkələr olan Türkiyə və Azərbaycan mədəniyyət, tarix baxımından bir millət, iki dövlətdir. Türkiyə və Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrlə qürur duyuruq və bu prosesi davam etdirməkdə israrlıyıq.
Səfir qeyd edib ki, Türkiyə Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinin tez bir zamanda həllini vacib sayır. Xocalıda yüzlərlə insanı qətlə yetirən ermənilər Türkiyəni soyqırımı törətməkdə ittiham edirlər. Bütün bu qarayaxmalara qarşı gerçəkləri dünyaya göstərmək Türkiyə və Azərbaycan mediasının üzərinə düşən ən böyük vəzifələrdən biridir.
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədri Sule Aker çıxışında rəhbərlik etdiyi təşkilatın illik toplantısının Azərbaycanda təşkilindən məmnunluğunu ifadə edib. Söz və ifadə azadlığı kimi bəşəri dəyərlərin fövqündə durulmasının vacibliyini vurğulayan sədr təmsil olunduğu qurumun bu istiqamətdəki fəaliyyət istiqamətlərindən söz açıb. S.Aker toplantıda səslənəcək fikirlərin təşkilatın gələcək perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib.
Çıxış edənlərdən Türkiyə Mətbuat Şurasının sədri Zərin Pınar Turenc, Zimbabve Mətbuat Şurasının sədri Loughti Dube, Nepal Mətbuat Şurasının sədri Kişor Shrestha, Şri-Lanka Mətbuat Şurasının sədri Kogala Vellala Bandula, Tanzaniya Mətbuat Şurasının sədri Kajibu Mukajanqa, Kosova Mətbuat Şurasının sədri İbrahim Arslan bə başqaları söz və ifadə azadlığının müxtəlif aspektlərinə diqqət çəkərək bu dəyərlərin qorunmasındakı tendensiyalardan söz açıblar. Onlar Ümumdünya Mətbuat Şuraları Asssosiasiyasının illik toplantısının Bakıda keçirilməsini yüksək qiymətləndirdiklərini vurğulayıblar.