Üç müəssisə əsasında həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi yaradılır

0
191
Prezident İlham Əliyevin bu il yanvarın 18-də imzaladığı Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nəzdindəki üç müəssisə əsasında vahid qurum yaradılır. Fərmanın icrası olaraq, Nazirlər Kabinetinin bu il iyulun 30-da verdiyi Qərarla DSMF-nin nəzdindəki üç sosial xidmət müəssisəsi – “Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi”, “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi” və “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq” ləğv edilib və onların əsasında DSMF-nin nəzdində olmaqla həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin yaradılmasına başlanılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, müəssisənin yaradılmasının başlıca məqsədi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturu və idarə etməni daha da təkmilləşdirməkdən ibarətdir.

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi həmin şəxsləri, o cümlədən müəyyən yaşayış yeri olmayanları, baxımsız, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanları stasionar şəraitdə sosial xidmətlərlə təmin edəcək. Müəssisə yalnız sığınacaq kimi fəaliyyət göstərməyəcək, burada həmin insanların normal həyat tərzinə sahib olmaları, əmək qabiliyyətli olanların əmək bazarına dönüşü, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların vəziyyətdən çıxarılması, nəticə etibarilə həssas əhali qruplarından olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası və s. üçün aidiyyəti işlər aparacaq.

Nazirlik həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Nizamnaməsini, strukturunu və ləğv edilmiş müəssisələrin işçilərinin say həddi daxilində ştat cədvəlini Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq edəcək.