Şərəfsiz “qalibiyyəti” şərəfli “məğlubiyyətimiz” məhv edəcək

0
1029

 

Sosial şəbəkələrdə “azərbaycanlılar çox qorxaq millətdir” deyə emosional, radikal çağırışlar ölkəsini, millətini sevən, ölkə rəhbərliyinin xalqının rifahı naminə həyata keçirdiyi iqtisadi-sosial islahatları, siyasi addımları görə bilmək qabiliyyətinə mənsub olan milyonlarla Azərbaycan vətəndaşı kimi məni də narahat edir.
Qısa müddət ərzində saysız uğurlara imza atmış bir ölkənin ictimai-siyasi sabitliyini pozmağa yönələn qüvvələrin fitnə-fəsad çağırışlarına hay verənləri yalnız cahil və nadan adlandırmaq olar.
Torpaqlarımızın hələ də işğal altında olması ilə heç birimiz razılaşmasaq da, bir çox dünya ölkələrində baş verən oxşar münaqişələrin nəticələri ilə öz durumumuzu müqayisə edək.
1988-ci ildə ermənilər də Azərbaycandan kütləvi şəkildə çıxarılmasaydı, onların törətdiyi terror aktları, saxta torpaq iddiası ölkəmizin, hətta Bakının yarısından çoxunun ermənilərin şəxsi mülkiyyəti kimi özəlləşdirilməsinə səbəb ola bilərdi.
Sovet imperializmi dövrünə təsadüf etməsinə baxmayaraq, öz qırılan meşələrinin üsyanına qalxan xalq torpaqlarının 20 faizinin ermənilərin işğal etməsinə mane ola bilməsə də, Azərbaycanın qalan hissəsinin qorunmasına nail oldu.
Hər bir azərbaycanlı o dövrdəki hadisələrin siyasi analizinin düzgün təhlilini öyrənməyə çalışmalıdır. Siyasi, iqtisadi, hərbi və maddi gücümüzün zəif olduğu bir dövrdə bütöv Azərbaycanın darmadağın edilməsi təhlükəsinin qarşısının kimin aldığını da unutmamalıyıq.
Ulu öndər Heydər Əliyevin yenidən siyasi arenaya xilaskar kimi qayıtması ölkəmizin düşmənlərinin bir çox arzularını puç etdi.
Böyük narahatçılıq və qorxu içində yaşadığımız günləri xatırlayan orta və yaşlı nəslimiz ölkədəki xaos və anarxiyaya son qoymaq üçün Heydər Əliyevin və onun məsləkdaşlarının çəkdikləri əziyyətləri və eyni zamanda öz xalqına bir çox mənəvi əziyyətlər çəkdirən xainlərini unutmaya\caq.
Və çox təəssüf ki, bu gün də həmin xainlərin üzdəniraq törəmələri Ulu Öndərin və onun layiqli davamçısı İlham Əliyevin yaratdığı ən böyük kapitalımızı – ictimai-siyasi sabitliyi pozmaq cəhdlərindən və istəklərindən əl çəkmirlər.
70-ci illərin Sovetlər dönəmindəki inkişafımızı xatırladan iqtisadi-sosial uğurları, əzəmətli infrastruktur layihələrdən əldə olunan kapitalımızı, varidatımızı o dövrdən sonra baş verdiyi kimi, anarxiya və xaosun talamasına yol verməməliyik.
Bu gün İlham Əliyev 70-ci illərdən nümunə götürərək dövrün tələb və zərurətindən irəli gələn möhtəşəm layihələr hesabına dünyaya səs salan bir ölkə qurur və yenə də öz millətinə dühmən olanlar inqilab çağırışları edir.
Niyə məhz indi? Bu sualın cavabı aydın deyilmi? Ermənilərin şərəfsiz “qalibiyyəti”nin bizim şərəfli “məğlubiyyətimiz” üzərində qurulmasını dərk edənlər yəqin ki, ölkəmizin sabit və gözəl gələcəyinə mane olmaq istəyənlərin yerli və xarici düşmənlərdən ibarət olmasının reallığını da anlayırlar.
Bu gün bir neçə gəncin cəzalanması ölkədə sabitliyin pozulmasına gətirib çıxara bilməz.
Bir il ərzində bir neçə şəhid olanımız varsa, onlarla qəza nəticəsində, ehtiyatsızlıq üzündən, narkomaniya və anlaşılmazlıqlar, xəstəliklər səbəbindən ölən gənclər və uşaqlar var.
İlk növbədə özümüzdən asılı olan, laqeydliyimizdən, qeyri-səmimiliyimizdən, maarifsizlikdən, paxıllıqdan, mənəviyyatsızlıqdan, rüşvətxorluq, tamahkarlıqdan yaxa qurtarmaq üçün mübarizə aparmalıyıq.
Ölkədə sabitliyin pozulmasının milyonlarla insanın həyatına dəyə biləcək səbəb olan sosial və mənəvi zərbəsini də unutmamalıyıq.
Mən inanıram ki, bu gün ölkəmizə düşmən olan qüvvələrin fitvası ilə yüzlərlə insan nümayişə çıxarsa onların qarşısında milyonlarla savadı, intellekti, dünyaya baxışı daha sağlam olan və onu xoşbəxt yaşadan rəhbəri üçün canından belə keçməyə hazır olan kütlə dayanacaq.
Və mən əminəm ki, Qarabağ tarixinin yaşatdığı ağrı-acı da şampan şərabları ilə qansız-qadasız sökülən Berlin divarları kimi bizim qələbəmizlə dağılacaqdır. Öz torpaqlarımızda milli, dini və dövlətçilik ənənələrimizin bərpasına nail olacağımız, müasir yaşayış dünyasının yaradılacağı gün uzaqda deyil.

Rəhbərlik etdiyim bütün qurumların üzvləri, eyni zamanda xalqımızın ziyalıları və ictimai-siyasi fəalları ölkəmizin sabitliyinə əngəl olmaq istəyən xainlərə qarşı birgə fəaliyyət təbliğatını daha da genişləndirməlidirlər.

Rasim Məmmədov,
Dünya Azərbaycanlıları Mədəniyyət
Mərkəzinin I vitse-prezidenti,
İctimai Nəzarət Koalisiyasının sədri,
Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri