III minilliyin əvvəlinə aid yeni tapıntılar

0
421

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun rəhbərlik etdiyi Şabran arxeoloji ekspedisiyası rayon ərazisində yerləşən, eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntılar aparıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, I Çaqqallıqtəpə abidəsində davam etdirilən tədqiqatlar zamanı yeni tapıntılar aşkar olunub. Bunlardan üstü yüngül konstruksiya ilə örtülmüş dairəvi evləri göstərmək olar. Bu evlərin içində erkən Tunc dövrünə aid manqal aşkarlanıb ki, bu tip manqallara Kür-Araz mədəniyyətinin yayıldığı bütün ərazilərdə rast gəlinir.

Bundan başqa, qazıntı sahəsinin qərb hissəsində divarları çay daşları ilə hörülmüş dairəvi ev qalığı, həmçinin üç ədəd təsərrüfat quyusu aşkar olunub.

Tədqiqat zamanı üzə çıxmış maddi mədəniyyət nümunələri sırasında çoxlu sayda əmək alətləri, dən və çaxmaq daşları, ox ucluqları, oraq dişləri və bir ədəd küpə tipli bütöv qab da var.

Qazıntı işləri zamanı ərazidən tapılan materialların əksəriyyəti keramika məmulatıdır ki, bu da abidənin tarixini müəyyənləşdirməyə kömək edən əsas amillərdəndir. Keramika nümunələrinin əksəriyyətinin üstündə yarımşar formalı qulplar Kür-Araz mədəniyyətinin əsas atributu hesab olunur.

Eyni zamanda, qazıntılar zamanı çaxmaq daşından hazırlanmış ox ucluqları aşkarlanıb. Bu da eradan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəlində yerli əhalinin əkinçilik və maldarlıqla yanaşı, ovçuluqla da məşğul olduğunu sübut edir. Sümük bizlər, iynələr isə yaşayış məskənində toxuculuq mədəniyyətinin formalaşdığından xəbər verir.