“Çıxış yolumuz savaş potensialını müəyyən etməkdir”

0
184

Fazil Mustafa: “Əks-tədirdə Ermənistan sayıqlamaqda davam edəcək”

Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndinə son səfərində Qarabağın Ermənistan torpağı olduğunu bildirib və bu məsələ ilə bağlı ikinci bir fikrə, ikinci bir ehtimala yer olmadığını vurğulayıb.

Ermənistan siyasi rəhbərliyinin Qarabağla bağlı məlum mövqeyindən sonra İrəvanla danışıqlar aparmağın mənası varmı? Bunun əlavə vaxt itkisindən başqa Azərbaycana nə isə qazandırması mümkündürmü?

Millət vəkili Fazil Mustafa Azərbaycanın Qarabağ probleminin həlli istiqamətində daha təsirli addımlar atmasının zəruriliyinə diqqət çəkdi:

“Biz sülh danışıqlarını Ermənistanın xatirinə aparmırıq. Biz beynəlxalq güclərin problemlə bağlı münasibətini nəzərə ataraq müəyyən addımlar atırıq. Amma Paşinyanın gəlişindən sonra görünür ki, problemin danışıqlar yolu ilə çözülməsinin perspektivi yoxdur. Bu da bizi məcbur edir ki, problemə daha ciddi və fərqli konteksdə baxaq. Yəni problem danışıqlar yolu ilə həllini tapacaq mərhələyə qayıda bilməz. Biz Ermənistanı buna məcbur edəcək yeni addımlar düşünməliyik. Bu addımlarla İrəvanı güzəştə məcbur etmədikcə, Ermənistan sayıqlamağa davam edəcək.

Bizim çıxış yolumuz xalqın bütün gücünü səfərbər edərək savaş potensialını ortaya qoymaqdır. Biz bunun reallığına Ermənistanı inandırmalıyıq. İnandırmalıyıq ki, bu savaş Ermənistan üçün böyük itkilərə səbəb ola bilər. Ermənistanı buna inandırmasaq, danışıqları uzatmaqla hər hansı nəticəyə gələ bilməyəcəyik”.