Bölgələrdə yeni mədrəsələr açılır – Şeyx

0
541


Bakıda və bölgələrdə 8 dini kollecin fəaliyyətə başlaması İslam dininin əsaslarının öyrənilməsi işinə dəyərli töhfədir. Artıq həmin mədrəsələrin maddi-texniki bazasının yaradılması üzərində iş gedir və ilkin mərhələdə Bakı, Lənkəran, Gəncə, Quba-Xaçmazda 5 mədrəsənin açılması gündəmdədir.
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə müsahibəsində bildirib.
A.Paşazadə qeyd edib ki, həm İlahiyyat İnstitutunun yaradılması, həm də dini kolleclərin fəaliyyətə başlaması dəyərli kadrların mövcudluğu baxımından mühüm hadisələrdir:
“Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti dini-mənəvi dəyərlərə diqqəti ilbəil artırır. Bu sahədə görülən tədbirlər ardıcıllığı, təkmilliyi ilə seçilir. Dini maarifçilik sahəsində İlahiyyat İnstitutunun yaradılması mühüm hadisə oldu. İnstitutun fəaliyyətinə, tələbələrinə uğurlar arzulayıram. Yeri gəlmişkən, İnstitutun tələbələrindən fərqlənənlərə tərəfimdən Şeyxülislam təqaüdü ayrılıb. Bizi sevindirən mühüm qərarlardan biri dini kolleclərin – mədrəsələrin fəaliyyətə başlaması ilə bağlı sərəncamdır. Bakıda və bölgələrdə 8 dini kollecin fəaliyyətə başlaması İslam dininin əsaslarının öyrənilməsi işinə dəyərli töhfədir. Artıq həmin mədrəsələrin maddi-texniki bazasının yaradılması üzərində iş gedir və ilkin mərhələdə Bakı, Lənkəran, Gəncə, Quba və Xaçmazda 5 mədrəsənin açılması gündəmdədir”.