Azərbaycanda şok əməliyyat: 50 yaşında da ana olacaqlar…

0
435

 

Azərbaycanda ginekologiyada yeni metod olan yumurtalıqların PRP ilə cavanlaşdırılması tətbiq olunmağa başlayıb. Son zamanlar bir neçə uzman ginekoloq, süni mayalanma mütəxəssisi, eləcə də Bakıda tanınmış süni mayalanma mütəxəssisi Öndər Tulumbaçının rəhbərlik etdiyi Reproduktiv Sağlamlıq Mərkəzində  bu yeni metod təbliğ edilir və təriflənir. Deyilənə görə, bu metodla hətat 45 yaşından sonra da hamilə qalmaq mümkündür.

 

Qadın yumurtalıqlarının necə və nə məqsədlə cavanlaşdırılması barədə mərkəzin cərrah-ginekoloqu dr. Emin Haqverdiyevdən açıqlama əldə etmişik.
Həkimin bildirdiyinə görə, o, Bakıdan öncə Türkiyədə fəaliyyət göstərdiyi üçün, bu metod Türkiyədə 9 aydır artıq tətbiq edilir. Yumurtalıq cavanlaşdırılması isə ilk dəfə Amerikada başlanılıb.
“Əməliyyat üçün qadının öz qanı alınır, Türkiyədən gətirilmiş xüsusi cihazlarda hissələrə bölünür, plazması ayrılır. Bu cihazlar klinikalarda kosmetik və digər məqsədlər üçün istifadə olunan cihazlar deyil, tamam fərqli, bahalı aparatlardır.
Lazım olan qan hissəsi iynənin ucunda, vaginal yolla daxil olunaraq, hər iki yumurtalığa yeridilir. Əməliyyat anesteziya altında olunur. Yumurtalıqların PRP metodla cavanlaşdırılması əməliyyatından sonra yumurtalıqlar aktivləşir, cavanlaşır, azalmış, yatmış rezervi oyanır, bundan sonra təbii yolla hamilə qalması və ya süni mayalanma üçün daha bol yumurtahüceyrə götürülməsi şansı artır.  Metod çox yeni, hələ sınanma dövründə olduğu üçün konkret statistika və effekt nəticəsi deyə bilmərik. Bakıda 12 xəstəyə bu metod uyğulanıb, onlar da 2 aylıq gözləmə, izləmə mərhələsindədirlər”.
Hər arzulayan xanıma təəssüf ki, bu metod şəxsi istəklə tətbiq edilmir. Risklər və şərtlər çoxdur. Əsas göstərişlər: 35-dən yuxarı yaş, antimüller hormonunun aşağı olması, FSH analizinin yüksəkliyi, dəfələrlə abort etmiş xanımlar, süni doğuşa məruz qalmış qadınlar, hamiləliyi pozulanlar, sonsuzluqdan əziyyət çəkənlər və s.
Bu əməliyyatdan öncə həkim ciddi müayinələr edir, xüsusi analizlər, infeksion və onkomarker qan analizləri tələb olunur. Onkomarkeri yüksək çıxan qadınlarda bu əməliyyat yolverilməzdir. Çünki prosedur yumurtalıqları çox aktivləşdirir ki, bu da yumurtalıq şişi riskini artıra bilər.
Əməliyyat ilk baxışdan asan görünsə də, həkim üçün çətin və risklidir. İynənin vaginal daxil edilib, digər toxuma, bağırsaq və orqanları zədələmədən yumurtalıqlara çatması çətindir. Heç bir cərrah səhvdən sığortalanmayıb və bu əməliyyatı hər həkim də icra edə bilməz.
Bütün bu risklər qadına başa salınır, qadınlar əməliyyata hazır olmalıdır və peşəkar həkim qəti imtina edirsə, deməli başqa yerdə sınamamalıdırlar.
PRP ilə yumurtalıq cavanlaşdırılması əməliyyatı cəmi 1 dəfə edilir və 2 ay izlənilir. Bu müddətdə qadının əri yanında olmalıdır ki, qrafikə uyğun əlaqə olsun.
Əməliyyat effekt vermirsə, bir daha təkrarlanmır.
Yumurtalıq cavanlaşdırılması nə ucuz, nə bahalı sayılmaz. 800 manata başa gəlir.