Sumqayıtda daha liftdə qalan olmayacaq

0
207

Sumqayıtda liftlərdə evakuator sistemi yaradılacaq

“Gələn ildən Sumqayıtda liftlərdə evakuator, yəni özünü daşıyan sistem yaradılacaq”.

Bu sözləri Sumqayıt şəhər “Lift-Servis” Birliyinin direktoru Cümşüd İsmiyev deyib.

Onun sözlərinə görə, bu sistem elektrik təchizatı dayandığı zaman işə düşəcək və liftdə qalan şəxslərin köməyinə çatacaq: “Belə ki, liftdə olan şəxslərin sayı çox olarsa, lift avtomatik bir mərtəbə aşağıya enəcək, qapı açılacaq və orada qalanlar təxliyyə olunacaqlar. Liftdə olan insanların sayı az olduğu təqdirdə isə lift bir mərtəbə yuxarı qalxacaq və bu proses həmin qaydada həyata keçiriləcək. Artıq bu sistemin tətbiqi ilə bağlı müvafiq qurumlarla danışıqlar aparılıb. Sınaq məqsədi ilə belə bir sistem yaxın zamanlarda bir neçə liftdə quraşdırıla bilər. Əsasən isə bu unikal sistemin gələn ildən kütləvi şəkildə, yəni balansımızda olan 594 liftin hamısında tətbiqi nəzərtə tutulub”.

Qeyd edək ki, Sumqayıtda binalarda olan 594 liftdən 367-si yenisi ilə əvəzlənib. Hazırda isə istismar müddətini başa vurmuş 74 liftdə təmir işləri aparılır.