I Respublika Sənətkarlıq Festivalı keçiriləcək

0
212

Festival UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunur.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq festivalın tərəfdaşları “I Love Baku” şəbəkəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sənaye Korporasiyasının “Azəripək” MMC-si, Səbail Rayon İcra Hakimiyyəti, “ABAD”, Yasamal Rayon Əlillər Təşkilatı, Bakı Milli Geyim Evi, Türbət Mədəniyyət Mərkəzi və “Libraff” mağazalar şəbəkəsidir. Festivalın informasiya dəstəyi isə Azərtac, Trend, Apa, Milli.az, Day.az və Azernews informasiya agentlikləridir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda Nizami küçəsində təşkil ediləcək. Tədbir festival-yarmarka və karnaval formasında keçiriləcək. Festivalın keçirilməsi üçün 40 müxtəlif formalı örtüklü, müasir tərtibatlı və hər birində 2-3 sənətkarın öz işlərini sərgiləyəcəyi stendlər quraşdırılacaq. Tədbirdə Bakı və Sumqayıt şəhəri, habelə Abşeron yarımadasının digər yerlərində fəaliyyət göstərən təxminən 60 sənətkar, bölgələrdən 40-a yaxın sənətkar dəvət edilib. Yeni əl işləri sənətinin nümunələrinin təqdim olunması və onlara dəstək göstərilməsi üçün “wall art” və “street art” üçün şərait yaradılacaq. Festival barədə kitabçalar və kataloqlar nəşr olunacaq, iştirakçılar diplomlarla təltif ediləcəklər. Festival hər gün saat 9:00-21:00 arası keçiriləcək. Mədəniyyət Nazirliyinin tabeliyində olan təşkilatların, habelə yaradıcı birliklərin iştirakı ilə festival günlərində – hər gün saat 19:30-20:30 arası konsert proqramı təşkil olunacaq.

I Respublika Sənətkarlıq Festivalının açılış mərasimi  2019-cu ilin 3 iyul tarixində saat 19:00-da baş tutacaq.