Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu Qars Qafqaz Universiteti ilə memorandum imzalayıb

0
635

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu (HETİ) ilə Türkiyənin Qars Qafqaz Universiteti arasında memorandum imzalanıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent Mahir Hacıyev və institutun İnformasiya təminatı və beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərid Dünyamaliyev Türkiyənin Qars vilayətində yerləşən Qars Qafqaz Universitetinə səfər ediblər. Səfər çərçivəsində qonaqlar Qars Qafqaz Universitetinin Baytarlıq fakültəsi, universitetdə fəaliyyət göstərən laboratoriyalar, heyvan xəstəxanası, yardımçı təcrübə təsərrüfatında yerləşən iri və xırdabuynuzlu heyvandarlıq fermaları, süd istehsalı mərkəzi ilə tanış olublar. Bildirilib ki, fermer və sahibkarlar universitetdə fəaliyyət göstərən laboratoriyaların xidmətlərindən istifadə edirlər.

M.Hacıyev və F.Dünyamaliyev Qars Qafqaz Universitetinin heyvan sağlamlığı üzrə mütəxəssisi, professor Mete Cihan, qoyunlarda süni mayalanma mütəxəssisi, professor Yavuz Öztürk və Cihan Kaçarla da görüşüblər. Görüşdə Azərbaycanda kənd təsərrüfatının, xüsusilə də heyvandarlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub. Gələcəkdə Azərbaycan və türkiyəli mütəxəssislərin birgə əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Qonaqlar Qars vilayətində heyvandarlıqla məşğul olan bir neçə fermer təsərrüfatı ilə tanış olublar. Burada saxlanılan heyvanların bəslənmə şəraiti barədə geniş məlumat verilib. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru təsərrüfat rəhbərliyinə heyvanların saxlanma şəraiti, xəstəliklərə qarşı mübarizə tədbirləri barədə Azərbaycan təcrübəsindən bəhs edib.

Səfər çərçivəsində Qars Qafqaz Universiteti və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında elmi-texniki anlaşma memorandumu imzalanıb. Memorandumu universitetin rektoru, professor Hüsnü Kapu və HETİ-nin direktoru dosent M.Hacıyev imzalayıb. Müqaviləyə əsasən, fermer tədris proqramı, iri və xırdabuynuzlu heyvandarlıqda reproduktor və məhsuldarlıq proqramlarının idarə edilməsi, embrion transferi, maldarlıqda sürü dövriyyəsi proqramları və sair sahələrdə birgə elmi araşdırmalar aparılacaq. Eyni zamanda, laborant və texniki heyətin hazırlığı üçün kurslar təşkil olunacaq. Əldə olunmuş razılığa əsasən mütəxəssislərin mübadiləsi, magistr və doktorantura pilləsində təhsillə bağlı Qars Qafqaz Universitetində xüsusi kvotanın ayrılması da nəzərdə tutulur.

Qars Qafqaz Universitetinin rektoru iki ölkə arasında elmi-texniki əməkdaşlıq barədə danışıb: “Azərbaycanla Türkiyə əzəldən dost və qardaş ölkədir. İki ölkə alimlərinin birgə çalışması, innovasiyaların tətbiqi, birgə elmi tədqiqatların aparılması gələcəkdə öz müsbət nəticəsini göstərəcək”.

M.Hacıyev isə öz növbəsində, Türkiyə Qars Qafqaz Universiteti ilə əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Qeyd edib ki, son illər dövlət tərəfindən həyata keçirilən çoxşaxəli tədbirlər kənd təsərrüfatı sahəsinin, o cümlədən heyvandarlığın davamlı inkişafı və ölkə əhalisinin heyvandarlıq məhsulları ilə etibarlı təminatının gücləndirilməsinə töhfə verir: “Azərbaycanda aqrar sahənin inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir, heyvandarlıq, arıçılığın inkişafı üçün subsidiya verilir. O cümlədən aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir”.