Gürcüstan xüsusi xidmət orqanlarının əməkdaşları Ermənistandan gətirilən radioaktiv maddə aşkar ediblər

0
214

Gürcüstan xüsusi xidmət orqanlarının əməkdaşları Ermənistandan gətirilən radioaktiv maddə aşkar ediblər.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları gürcü-erməni sərhədində Ermənistan vətəndaşını saxlayıblar. Onun üzərindən dörd paketə yerləşdirilmiş radioaktiv maddə – tori götürülüb. Saxlanılan şəxs bu maddəni Rusiyaya apardığını bildirib. Ekspertiza müəyyən edib ki, göstərilən paketlərin ümumi çəkisi 71,63 kiloqram olub. Onların tərkibində nüvə materialları kateqoriyasına aid edilən “Tori 232” radioaktiv izotopu olub.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir ki, paketlərin ətrafa verdiyi şüalanma saatda 0,5 Zv-yə qarşı 18 Zv-yə bərabər olub. İnsan səhhəti üçün çox təhlükəli olan bu maddə Ermənistan vətəndaşının avtomobilindən götürülüb. Tbilisi məhkəməsinin qərarı ilə onun barəsində həbs qəti imkan tədbiri seçilib.

Ermənistan vətəndaşına qarşı “nüvə materiallarının və ya qurğularının, nüvə tullantılarının və radioaktiv maddələrin qanunsuz istifadəsi” və “Gürcüstan gömrüyünü keçərkən malların hərəkəti üzrə qaydaların pozulması” maddələri ilə cinayət işi açılıb. Təhqiqatı Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əkskəşfiyyat departamenti aparır.