Gəncədə BMT-nin də iştirakı ilə dinləmə keçirildi

0
691

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili BMT-nin Əhali Fondu ilə birlikdə Gəncə şəhərində 11 iyul – Ümumdünya Əhali gününə həsr edilmiş regional konfrans təşkil edib. Konfransda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Millət vəkili İlham Məmmədovm və başqaları iştirak ediblər.

Öncə konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad ediblər. Sonra qonaqlar tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzi və Muzeyi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev bildirib ki, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Bu, ilk növbədə cənab Prezidentin, dövlətin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. O vurğulayıb ki, Azərbaycanın sürətli inkişafı bölgələri də əhatə edir. Prezident İlham Əliyevin qayğısından güc alan, inkişaf edən, gözəlləşən Gəncə yeni uğurlara imza atır. Bu, şəhərin sosial-iqtisadi həyatının bütün sahələrində müşahidə olunur. Elnur Rzayev qeyd edib ki, insanların məişəti, ailə qayğıları, yoxsulluğun aradan qaldırılması, gender bərabərliyi, insan hüquqlarının qorunması ən ümdə məsələlərdən biridir. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə də əhalinin qarşılaşdığı problemlərin həlli, müraciətlərinə operativ cavab verilməsi diqqət mərkəzindədir.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova məruzə ilə çıxış edərək Ümumdünya Əhali Gününün yaranma tarixi, ilk dəfə olaraq 1990-cı ildə qeyd edilən bu günün əsas məqsədinin dünya əhalisinin bərabərlik, sağlamlıq, yoxsulluq, insan hüquqları və digər əhəmiyyətli məsələlər üzrə məlumatlılıq səviyyələrinin artırılması, onların problemlərinə xüsusi diqqət ayırmaqla bir çox istiqamətlərdə köklü irəliləyişlərə nail olmaqdan ibarət olduğu haqqında danışıb. Müvəkkil Ümumdünya Əhali Günü təsis edildikdən 5 il sonra, 1994-cü ildə keçirilən və bu il 25 illiyi qeyd edilən, habelə iştirakçısı olduğu Əhali və İnkişaf üzrə Qahirə Konfransının, həmçinin 1999-cu ildə Haaqa şəhərində keçirilmiş “Qahirə+5” konfransının məqsəd və məramları barədə geniş məlumat verib. O bildirib ki, konfransın keçirilməsində məqsəd ölkəmizdə “Qahirə+25” konfransına hazırlıq kampaniyasının başlanmasının elan olunması, bu prosesdə respublikamızın iqtisadi və sosial inkişafı, əhalinin problemlərinin həllində, habelə insan hüquqları sahəsində əldə etdiyi uğurlara əsaslanaraq insan hüquqları üzrə Milli Fəaliyyət Proqramı və Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqla vəziyyətin daha da təkmilləşdirilməsi üzrə tövsiyələrin müzakirə olunmasıdır.

Konfransda Gəncə şəhəri ilə yanaşı ətraf rayonların icra hakimiyyəti orqanlarının, təhsil və səhiyyə şöbələrinin rəhbərliyi, icmaların nümayəndələri, geniş ictimaiyyət, fəal qadınlar, sahibkarlar və gənclər iştirak ediblər. Çıxışlarda Qahirə Konfransının vacib məsələlərindən olan gender bərabərliyinə nail olunması məsələsinə toxunulub, keyfiyyətli səhiyyə xidmətlərinin əhali üçün əlçatanlığının təmin olunması, reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə ölkəmizdə mütəmadi tibbi müayinələrin həyata keçirildiyi vurğulanıb.
Sonda müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Altun Süleymanov

ictimaixeber.az