Bu şəxsləri 6000 manatadək cərimə gözləyir

0
494

Taxıl sahələrinin biçindən sonra yandırılması məhsuldarlığın azalmasına səbəb olur.

Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Nazirlik qeyd edir ki, əksər fermerlər taxıl biçinini başa vurduqdan sonra yerdə qalan kövşənliyi, yığılmamış samanı yandırmaqla torpağın münbitliyinin artacağını, alaqlara və zərərvericilərə qarşı mübarizənin səmərəli olduğunu güman edirlər. Halbuki, kökündən yanılırlar. Əksər kənd təsərrüfatı məhsul istehsalçıları XXI əsrdə belə əlavə xərclərin və vaxt itkisinin qarşısını almaq düşüncəsi ilə köhnə qayda ilə sahələrə od vururlar. Yanğın nəinki əkinə yararlı torpaqları, eləcə də meşə, meşəmühafizə zolaqlarını, əhalinin yaşadığı əraziləri və digər sahələri əhatə edir. Bu isə öz növbəsində ekoloji problemlərə gətirib çıxarır.

Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına müraciət edərək bildirir ki, taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Bu addım həm ekoloji baxımdan, həm aqrotexniki qaydalar baxımıııdan zərərlidir və yuxarıda qeyd edildiyi kimi, torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının məhv olmasma gətirib çıxarır. Sahənin yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur.

Nazirlik əkin sahələrini yandıran fermerlərin nəzərinə çatdırıb ki, onlar bu əməli törətməklə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən əkin yerlərinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir. İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin yerini yandıran fıziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə olunacaqlar.