Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

0
433

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir.

İmtahan ölkənin 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 57 binada aparılacaq.

İmtahanların idarə olunmasına 205 imtahan rəhbəri və 2323 nəzarətçi-müəllim cəlb olunub.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə II qrupda riyaziyyat, coğrafiya və tarix fənləri üzrə, III qrupda isə Azərbaycan dili, tarix və ədəbiyyat fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim ediləcək.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunacaq. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir.

İmtahanda 28699 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 11134 abituriyent II qrup üzrə, 17565 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 26523 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 10107, III qrup üzrə 16416 nəfər), 2176 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1027, III qrup üzrə 1149 nəfər) məzunudur. Abituriyentlərin 12411 nəfəri oğlanlar (II qrup üzrə 7456 nəfər, III qrup üzrə 4955 nəfər), 16288 nəfəri isə qızlardır (II qrup üzrə 3678 nəfər, III qrup üzrə 12610 nəfər). 25291 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2819 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 29 nəfər ali təhsil müəssisələrinin, 560 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 116 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2004-cü ildəndir.

Bakı şəhərində 12608, Naxçıvanda 1532, Gəncədə 2977, Sumqayıtda 1460, Mingəçevirdə 1167, Şəkidə 1521, Bərdədə 1646, Göyçayda 1151, Şirvanda 1741, Lənkəranda 1841, Xaçmazda isə 1055 abituriyentin imtahan verəcəyi gözlənilir.