Yeni yaşınız mübarək, Afaq Məsud!

0
323

Deyir ki,- “Mən həmişə Azərbaycan ədəbiyyatından kənarda
olmuşam. Əgər bəşəriyyət bir qadın və bir kişidən artıb törəyibsə, sonradan
irqlərə, millətlərə bölünsə belə ədəbiyyat milli olmamalıdır…”
Bəlkə də haqqlıdır. Axı ədəbiyyat o zaman böyük
uğur qazanır ki, hər hansı bir xalqa deyil, bəşəriyyətə ünvanlanır. Bəli, Azərbaycan
ədəbiyyatına məxsus olan əsərlərin əksəriyyəti milli ruhda qələmə alındığı üçün
azərbaycanlı təfəkkürünün məhsulu olduğu ilk səhifəsindən nəzərə çarpır. Elə
ona görədir ki, bizim yazarların əsərləri əcnəbilər arasında yalnız etnik ədəbiyyatın
mütaliəsinə həvəsi olan oxucular üçün əhəmiyyət kəsb edə bilir. Daha doğrusu,
milli ədəbiyyatımız çox az əcnəbini maraqlandırır…
Məktəb
illərində xeyli çətinlikləri olub. “Nə yaxşı ki, məktəb həyatını sağ-salamat
bitirdim”- söyləyir. Yazmağa başlayandan bir qədər sonra anlayıb ki, ərsəyə gətirdiyi
hekayələri yazıçı olmaq üçün deyil, sadəcə daxili sıxıntılardan, şahidi olduğu
hadisələrin yaratdığı narahatlıqdan xilas olmaq üçün qələmə alır. Və heç zaman
düşünməyib ki, niyə ənənəvi ədəbiyyatdan uzaq düşüb, hamı kimi yazmır. Özü söylədiyi
kimi, onun yazdıqlarının əksəriyyəti mistik duyğuların məhsuludur. Düşüncələrinin
təzahürüdür…
Deyir ki,- “Real həyat oyuna bənzəyir. İnsan bilə-bilə
ki, qocalacaq, əzizləri dünyadan köçəcək. Və qarşıda onu xəstəliklər, ölüm gözləyir,
buna baxmayaraq çox rahat yaşayır. Bax budur mistika, eyni zamanda real həyat”…
…Babası Əli Vəliyev Azərbaycanın xalq yazıçısı idi.
Atası Məsud Əlioğlu isə filolologiya elmləri doktoru olub…
Haqqında söhbət açdığım yazıçı Afaq xanım Məsuddur. O,
Bakı şəhərində dünyaya gəlib. 1979-cu ildə Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsini bitirib. 1979-1988-ci illərdə “Azərbaycantelefilm”də
redaktordan direktor vəzifəsinədək yüksələ bilib. 1989-2014-cü illərdə
Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Xəzər” dünya ədəbiyyatı
jurnalının baş redaktoru işləyib. 2014-cü ildə Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru vəzifəsinə təyin olunub…
2015-ci ildə türkdilli ölkələr arasında ədəbi əlaqələrin möhkəmlənməsi istiqamətində
göstərdiyi uğurlu fəaliyyətinə, teatr sənətinin inkişafında xidmətlərinə görə
TÜRKSOY-un “Haldun Taner” mükafatını alıb. 2017-ci ildə “Şöhrət”
ordeni ilə təltif edilib. 2019-cu ildə isə Azərbaycan mədəniyyətinin
inkişafında xidmətlərinə görə “Xalq yazıçısı” fəxri adına layiq görülüb…
Texnologiya inkişaf edəndən üzü bəri dünyanın bu
başından o başına on beş saata getmək, hər hansı bir məlumatı anındaca göndərmək
olur. Bəli, dünya bu qədər balacalaşıbsa ədəbiyyat da dünyanı əhatə etməyi,
ümumbəşəri olmağı bacarmalıdır. Bu gün Azərbaycan ədəbiyyatı dünyanı fəth edə
bilmirsə, deməli balaca bir topluma xidmət göstərir, hələ də ümumbəşəri ola
bilmir. Nə isə, əsas məslədən çox uzaqlaşmayaq. Axı iyunun 3-ü hörmətli Afaq
xanım Məsudun “Xalq yazıçısı” fəxri adına layiq görüləndən sonra birinci doğum
günüdür. Onu bu münasibətlə şöhrəti dünyanı dolaşan, ümumubəşəri yazıçı Con
Qriffit Çeyninin vətəni Amerika Birləşmiş Ştatlarından təbrik edir, Ona möhkəm
can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Yeni
yaşınız mübarək, Afaq xanım!

Elman
Eldaroğlu,