“Xınaya sərf olunan pulla ipotekaya ev almaq olar” – Mədəniyyətşünas SƏRT DANIŞDI

0
823

Mövzu ilə bağlı YYSİB sədri, İNK baş katibi, yazıçı-kulturoloq və mədəniyyətşünas Aydın Xan Əbilov Redaktor.az-a geniş açıqlama verib…

“Ağ dəvə düzdə qaldı hakışta, yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta, dərmanı qızda qaldı hakışta”.

Bir çox məşhur xanımların əlavə olaraq işlətdiyi biznesləri var. Onların əlavə qazanc yerlərindən biri də Xınayaxdı şirkətləridir. Həmin şirkətlərin qiymətlərinə nəzər salanda təəccüblənməmək mümkün deyil. Qadınlardan ibarət ansambl, operator, bir-iki dənə nənə-babadan qalma xalça, “vəssalam şüt-tamam”. 8-10 min manat. Bu qədər israfçılık nəyə lazımdır?

“Azərbaycanda əsrlərdir xınayaxdı mərasimi olub. Keçmişdə qadınlarla bəylərin ayrı-ayrı toyları olurdu. Sözügedən mərasim xanımların məclislərində keçirilirdi. Bu mərasim gənc qızların əylənməsi, xoş vaxt keçirməsi üçün nəzərdə tutulub. Kişilərin iştirakından söz gedə bilməz. Halbuki, indi xınayaxdı mərasimlərinə nədənsə bəylərimiz də qatılır. Bu, düzgün deyil. Çünki orada xanımlar rahat olmalı, istədiyi kimi davranmalı və geyinməlidir. Xanımlarımız sosial şəbəkələrdən, seriallardan özlərinə yeni formatlar uydururlar. Xınayaxdının bərpasını dəstəkləyirəm, amma artıq dərəcədə çox pulun sərf olunmasının əleyhinəyəm. Ondansa, həmin pulla gənclərə ipotekaya ev götürsünlər. Bu cür mərasimlərin yaddaqalan olması üçün onun bahalı restoranlarda, səs-küyün çox olduğu yerdə yox, təbiət qoynunda, bölgələrdə keçirilməlidir. Varlı insanlara tövsiyəm xınayaxdı mərasimlərinə o qədər pul xərcləməkdənsə, gedin övladınızın adına muzey, kitabxana, bulaq açın”.

Sevda Bayramova / REDAKTOR.AZ