Tanınmış jurnalistlər Hidayət Elvüsalı təbrik etdilər: “Allah ona səbir versin!”

0
393

Tanınmış jurnalist Hidayət Elvüsalın 70 yaşı tamam oldu.

1949-cu il iyun ayınınn 25-də Kəlbəcər rayonunda dünyaya göz açan Hidayət Elvüsal zaman-zaman bir sıra mətbu orqanlarda fəaliyyət göstərib. Kəl­bə­cər­də çı­xan “Ye­ni­lik” ra­yon qə­ze­tin­də, yer­li radio ve­ri­liş­ləri re­dak­si­ya­sın­da ça­lış­maq­la bə­ra­bər, Azər­bay­can Döv­lət Radio­su ilə əmək­daş­lıq edib. Daha son­ra «A­zər­bay­can gənc­lə­ri», «Kom­mu­nist­» (in­diki «Xalq qə­ze­ti») qə­zet­lə­rin­də iş­lə­yib. «Sə­hər»  qə­ze­ti­nin ya­ra­dı­cı­la­rın­dan biri ki­mi, baş re­dak­to­run müa­vi­ni, «Be­lə-belə iş­lər», «Kri­mi­nal» qə­zet­lə­ri­nin baş re­dak­toru olub. Döv­ri mət­buat­da oçerk­lə­ri, mü­sa­hibə və re­por­taj­la­rı, he­kayə və po­vest­ləri ilə çı­xış edib. «Be­lə-belə iş­lər» rub­ri­kası ilə dərc et­dir­diyi say­sız-he­sab­sız ya­zı­ları ilə po­pul­yar­la­şan Hi­da­yət El­vü­sal ey­ni za­man­da mah­nı mətn­lə­ri­nin müəl­lifi və  hə­vəs­kar bəs­tə­kar kimi də ta­nınır.

Həmkarları Hidayət Elvüsalın 70 yaşı münasibətilə təbrik və fikirlərini  Modern.az-a çatdırıblar.

“Səhər” qəzetinin baş redaktoru  Məzahir Süleymanzadə deyir ki,  Hidayət Elvüsal onun tale qardaşıdır:

“Onunla gəncliyimiz demək olar ki, bir yerdə keçib. “Kommunist”, “Səhər” qəzetlərində birgə fəaliyyət göstərmişik. Hidayət Elvüsala ən böyük qiyməti bizim görkəmli şairimiz Bəxtiyar Vahabzadə verib. Hər gün bizim redaksiyaya zəng edib Hidayət Elvüsalın “Belə-belə” işlər rubrikasınada çıxan yazıları ilə bağlı fikir bildirir, yazılarından yaxşı mənada heyrətə gəldiyini vurğulayırdı. Bəxtiyar Vahabzadə Hidayət Elvüsalı müasir dövrün “Cəlil Məmədquluzadə”si adlandırıb. Bu özü jurnalistə verilən ən böyük qiymətdir. Yeganə məni narahat edən cəhəti odur ki, Hidayət Elvüsalın inidiyədək kitabı dərc olunmayıb.  Bir neçə dəfə buna təşəbbüs göstərsək də, istəyimiz baş tutmayıb. Kəlbəcər həsrətli jurnalistin yaradılıcığında torpaq sevgisi öz əksini geniş şəkildə tapıb.  Hidayət təkcə gözəl qələm sahibi yox, eyni zamanda gözəl bəstəkardır. Oynaq, qəlbi oxşayan mahnıları xüsusilə sevilir. Baxmayaraq ki, sözü birbaşa sərt deyən insandır, lakin bir adam tapılmaz ki, ondan incisin.  Yubileyi münasibətilə onu təbrik edirəm, sözün ən yaxşısına layiq biriridir”.

Tanınmış jurnalist Etibar Cəbrayıloğlu:

“Hidayət Elvüsalı öz ustadlarımdan biri hesab edirəm. Doğurdan da Azərbaycanda uğurlu imzalardan biri də onunla bağlıdır. Çox sevinirəm ki, onunla birgə “Ədalət” qəzetində işləmək mənə də nəsib olub. 70 yaşı münasibəti ilə onu təbrik edirəm. Bilirəm ki, qəlbən həmişə gənc və işıqlıdır. Arzum budur ki, bu işıq hər zaman onun yazılarında, çöhrəsində öz əksini tapsın”.

Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid:

“Hidayət Elvüsal mənim yaddaşımda istedadlı bir jurnalist olaraq qalır. Vaxtı ilə  “Səhər” qəzetində maraqlı yazıları çıxırdı. Yumor, sarkazm dolu yazılar yazırdı. Azərbaycanın klassik jurnalistləri içərisində ən tanınmışlardan biri hesab olunur. 70 yaşı münasibəti ilə onu təbrik edirəm. Arzu edirəm ki, bundan sonra da maraqlı yazıları ilə oxucularını sevindirsin”.

Tanınmış jurnalist Hikmət Sabiroğlu deyir ki, elə ilk gördüyündə Hidayət Elvüsal ona əsl dağ adamı, saf, mehriban insan təsiri bağışlayıb:

“Biz 1986-cı ildə universitetin Jurnalistika fakültəsinə qəbul olunanda Hidayət Elvüsal dövrün ən məşhur qəzetinin – “Azərbaycan gəncləri”nin tanınan əməkdaşlarından idi. Bir çox yazar kimi ona da əlçatmaz insan kimi baxırdıq.Tələbə kimi redaksiyalara ayaq açanda ruhumuza yaxın “Azərbaycan gəncləri”nə üstünlük verirdik. Hidayət Elvüsalla belə ziyarətlərin birində tanış oldum. Hər zaman bizi gülərüz qarşıladı, yazılarımız hər zaman işıq üzü görməsə də, xoş sözlərlə bizi ruhlandırdı. Onun yazılarının ayrı bir dad-tamı vardı. Sonralar “Səhər” qəzetində “Belə-belə işlər” rubrikası altındakı yazıları istedadının bir başqa qatını da üzə çıxardı. Bilirəm, bir kəlbəcərli üçün 70 yaşını yurd-yuvasız qeyd eləmək çox ağırdır. Mən Hidayət qardaşımıza bu mənada səbir arzulayıram, Allah ona ata yurduna dönməyi qismət eləsin”.

Qeyd edək ki, jurnalistin 70 illik yubileyi iyunun 28-i media nümayəndələri və sənət yoldaşlarının iştirakı ilə  Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.