Məscidlərdə monitorinqlər aparılır

0
437

Azərbaycanda insanların məscidlərdəki dini ayinlərdə iştirakı ilə bağlı monitorinqlər aparırıq.

Oxu.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlının sözlərinə görə, aparılan monitorinqlər göstərir ki, Azərbaycan əhalisinin təxminən 7-8 faizi dini ayinlərini məscidlərdə icra edir:

“Bakının 134 məscidində aparılan monitorinqin nəticələri də eyni statistikanı verir. Amma bu, o demək deyil ki, ölkədə əhalinin dini inancları fərqlidir və ya dini ayinləri icra etmir. İnsanlar dini ayinləri, adətən, öz evlərində edir və onların dini ayinləri harada icra etməsi şəxsi seçimləridir. Burada heç bir məcburiyyət yoxdur və heç kim irad tuta bilməz”.

Komitə sədri əlavə edib ki, hazırda bütün məscidlərdə Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi imamlar fəaliyyət göstərir:

“Vəhdət namazı qılınan məscidlərdə isə iki imam təyin olunur və onlar da növbəli şəkildə bu namaza rəhbərlik edirlər. Elə məscidlər var ki, orada imam, onun köməkçisi və ya mütəvəlli var. Bu gün Bakıda təyinat olmayan məscidlər, demək olar, yoxdur. Bəzilərinin sənədlərində müəyyən problemlər var, lakin çalışırıq ki, onlar da qanuni fəaliyyət göstərsinlər”.