Daşla silahlanmış sakinlər baş həkimin evinə hücum etdi – Füzulidə

0
715

Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, 53 yaşlı Natiq Şükürova hücum edilib. İyunun 27-dən 28-nə keçən gecə rayonun Böyük Bəhmənli kəndində daşla silahlanmış 35-40 nəfər baş həkimin evinə basqın edərək pəncərələrin şüşələrini qırıb, Şükürovun oğlu və qaynı döyülüb.

N.Şükürov başına gələnləri virtualaz.org-a danışıb. Bildirib ki, həmin gün təxminən gecə saat 12-də “VAZ 2107” ilə “Qazel” markalı maşın toqquşub, 4 nəfər yaralanıb. “Mən ayın 20-dən məzuniyyətdəyəm. Gecə həkim Niyazi Əliyev zəng vurub hadisə ilə bağlı mənə məlumat verdi. Məzuniyyətdə olmağıma baxmayaraq, dərhal müavinim Soltan Əliyevə, cərrahiyyə şöbəsinin müdiri Əhəd Məmmədova, reanimasiya şöbəsinin müdiri Ruhəngiz Quliyevaya, təcili yardım şöbəsinin müdiri Arzu Şəfiyevaya, rentgen, UZİ həkimlərinə məlumat verib xəstəxanaya çağırdım. Həkimlər gecə saat 2-dək yardım göstərib, xəstələri vəziyyətdən çıxarıblar. Dedilər ki, “07”nin sürücüsü sərxoş olub, kəllə-beyin travması alıb. Onu Füzuli Rayon Diaqnostika Mərkəzinə göndərdik ki, KT müayinəsi olsun, nəticələrə uyğun qərar verilsin, lazım olarsa Bakıdakı xəstəxanaların birinə köçürülsün”,-N.Şükürov danışıb.

Hücumla bağlı baş həkimi elə Diaqnostika Mərkəzinin həkimləri məlumatlandırıblar, deyiblər ki, ehtiyatlı olsun: “Mən məzuniyyətdə olsam da, baş həkimi əvəz edən müavinim xəstəxanadaydı. Niyə məhz mənə hücum edəcəklərinə anlam verə bilmədim, fikirləşdim ki, yaxınları xəstələrin vəziyyətindən narahatdılar, ona görə də aqressiv davranırlar. Çünki həkimlərimizin təhqir edilməsi, döyülməsi tez-tez baş verir, çox zaman şikayətçi də olmuruq. Amma gələnlərin hamısı cavanlar idi. Sonradan bildim ki, aralarında narkotik satışına görə həbsdə yatanlar, sərxoş olanlar da varmış. Bəziləri sonradan dedilər ki, küyə düşüb gəliblər, sərxoş olduqları üçün hadisəni heç xatırlamırlar, xəstə yaxınları da deyillər. Bir-iki nəfər hasarı aşmağa cəhd etdi, amma həyətdəki itin qorxusundan geri qayıtdılar”.

Hadisə zamanı N.Şükürovun ailə üzvləri evdə olsalar da, Tibb Universitetinin 5-ci kursunda təhsil alan, tətil olduğu üçün kəndə dönən oğlu Araz Şükürov təsərrüfat sahəsindəymiş. Atasına hücum edildiyini öyrənən kimi evə qayıdırmış. “Yolda kənd sakini Yasin Süleyman oğlu İsmayılovun başçılığı ilə 15-ə yaxın şəxs maşının qarşısını kəsib, oğlumu və qayınımı döyüblər. Qonşular köməyə gəlib, oğlumu maşına mindirərək qaçıra biliblər. Araz ağır kəllə-beyin travması alıb, hazırda müalicə olunur”.

N.Şükürov hadisə ilə bağlı polisə şikayət edib. O, evinə hücumun planlşdırıldığını, qəsdən təxribat törədildiyini iddia edir. Deyir ki, 2016-cı ildə baş həkim təyin olunub, Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. Bundan sonra ona qarşı hücumları başlayıb, sosial şəbəkələrdə təhqir edilir, barəsində mətbuata yanlış məlumatlar ötürülür. Bu il aprelin 24-dən 25-nə keçən gecə də maskalı şəxslər evinə hücum edib, onu bıçaqlayıblar. Yalnız təsadüf nəticəsində sağ qalıb. Amma hadisənin üstü indiyədək açılmayıb, heç kim saxlanılmayıb. Qəza baş verən günü xəstəxanada həkim olmaması, xəstələrə vaxtında tibbi yardım göstərilməməsi, xətə yaxınlarının da məhz buna görə aqressivləşməsi iddiası da yalandır.

Qəza nəticəsində yaralananlardan biri akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, digəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna köçürülüb. Digər 2 nəfərin isə vəziyyəti yaxşıdır.

Füzuli Rayon Mərkəzi Xəstəxanası üçün 80 çarpayılıq bina tikilir. Hələlik isə xəstəxana qəsəbə xəstəxanasının binasında yerləşir. Rayonda 170 həkim, 250 tibb bacısına ehtiyac var.

Füzuli Rayon İcra Hakimiyyətindən hadisə ilə bağlı məlumatlı olduqlarını deməklə kifayətləndilər. Rayon polis şöbəsindən isə gələn həftə müraciət etməyimizi məsləhət gördülər.

Bununla belə, sayt dəqiqləşdirib ki, hadisə ilə bağlı 3 nəfər saxlanılıb, araşdırma davam edir.

Qeyd edək ki, son vaxtlar xüsusilə bölgələrdə həkimlərə qarşı hücumlar çoxalıb. İyunun 28-də Bərdə rayonunda tibb işçiləri döyülüblər. Xəstəxananın reanimasiya şöbəsinə gələn rayon sakini E.Məmişzadə sərxoş halda həkimlərə hücum çəkib. Hadisə zamanı bir həkim və tibb işçisi xəsarət alıb. Özünü idarə edə bilməyən Məmişzadə xəstəxanada olan inventar və tibbi avadanlığı dağıdaraq yararsız vəziyyətə salıb. Daxili İşlər Nazirliyinin açıqlamasına görə, faktla bağlı araşdırma aparılır. Bundan bir neçə gün əvvəl isə təcili yardım stansiyasının iki əməkdaşına hücum edilmişdi.